Lənkəranda avtomobil qəzasında iki nəfər ağır xəsarət alıb.
Eurasia Diary report-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara-İran İslam Respublikası dövlət sərhəd yolunun 165-ci kilometrliyində, Girdəni kəndində baş verib.
Əslən Naxçıvan Muxtar Respublikasının Culfa şəhərindən olan 1964-cü il təvəllüdlü İmran Əli oğlu Yaqubov idarə etdiyi "VAZ-2107" markalı, "99-MP-353" dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsi yoldan çıxaraq torpaq sahəyə düşüb. Qəza nəticəsində sürücü və qızı, 1993-cü il təvəllüdlü Bakı şəhəri Nizami rayonu sakini Yaqubzadə Cəmilə İmran qızı xəsarətlər alıblar. Hər iki yaralı deformasiyaya uğramış avtomobildən çıxarılaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəsarət alanlara yuxarı və aşağı ətraflarda açıq və qapalı sınıqlar qeydə alınıb.
Məlumata görə, qəzaya düşən ata və qızı İran İslam Respublikasına müalicə almaq üçün gedirmiş. Hadisəyə yüksək sürətlə hərəkət zamanı sürücünün yuxulamasının səbəb olduğu ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.