“İcazələr” proqram təminatı yenilənəcək.
Eurasia Diary-nin Azərbaycan Dövlət Reklam Agentliyinə (ADRA) istinadən verdiyi məlumata əsasən, açıq məkandakı reklam daşıyıcıları və reklamların qeydiyyatının optimallaşdırılması məqsədilə Agentliyin istifadə etdiyi “İcazələr” proqram təminatını Elektron Hökumətin İnkişafı Mərkəzi tam yeniləyıb.
Hazırda proqram təminatı Agentliyin Mərkəzi Aparatında test rejimində istifadə olunur və tezliklə regional idarələrdə də tətbiq olunacaq.
Növbəti mərhələdə isə xidmət my.gov.az portalına inteqrasiya olunacaq. Bu isə o deməkdir ki, müvafiq əməliyyatları (sistemdə qeydiyyat, icazə üçün müraciətin göndərilməsi, icazə üçün tələb olunan məlumatların daxil edilməsi, ödənişin aparılması) sahibkar özü asanlıqla həyata keçirə biləcək.
Reklamvericilər üçün daşıyıcıların müasirliyi ilə yanaşı reklamın effektivliyi barədə də məlumat almaq da önəmlidir. Bu məqsədlə, mümkün ərazilərdə reklamların effektivliyinin ölçülməsi və nəticələr barədə sahibkarların məlumatlandırılması da qarşıya qoyulan hədəflərdəndir. Effektivlik indeksi beynəlxalq səviyyədə əsasən müəyyən vaxt ərzində reklam daşıyıcısı yaxınlığından keçən avtomobil və piyadaların sayı, həmçinin reklamın görünməsi imkanını əks etdirir. Bu məlumatların yığılması və emal olunması müşahidə kameraları, həmçinin onlara aid xüsusi proqram təminatı vasitəsilə mümkün olacaq.(trend)