Xocavənddə avtobus qəzası nəticəsində Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilən 13 nəfərin müalicəsi davam edir.
Bu barədə Ednews-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yaralılarda ağırlaşma halları müşahidə olunmur. Reanimasiyada müalicə alan 2 nəfərdən biri bu gün ümumi palataya keçiriləcək. Həkimlər yaralıların vəziyyətini orta ağır kimi qiymətləndirir.
Xatırladaq ki, ötən gün axşam saatlarında Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobus qəzaya uğrayıb. Hadisə nəticəsində axşam növbəsinə gedən işçilərdən 21 nəfər xəsarət alıb. Onlardan 11-i Türkiyə vətəndaşıdır.
Qəza Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda inşa edilən T3 tunelinin girişinə dönən yolda qeydə alınıb.
Avtobusun qəzaya düşməsinə ilkin ehtimala görə, sürücünün idarəetməni itirməsi səbəb olub.