Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günü qeyd olunub.
Ednews xəbər verir ki, ötən il salınan "Media şəhidləri" parkında işğaldan azad olunan Kəlbəcər rayonunun Susuzluq kəndində peşə fəaliyyətlərini yerinə yetirərkən həlak olan jurnalistlər - "AzərTAc"ın müxbiri Məhərrəm İbrahimovun və "AZTV"-nin operatoru Sirac Abışovun xatirələri anılıb.
Məhərrəm İbrahimovun 40 yaşının tamam olması münasibətilə parka onun ailə üzvləri, yaxınları, jurnalist həmkarları, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri gələrək, əziz xatirəsini "1 dəqiqəlik sükut"la yad edib, xatirə kompleksinin üzərinə gül və əklillər qoyublar, dövlət himni səsləndirilib.
Çıxış edənlər Vətən Müharibəsində şəhidlərin sırasında jurnalistlərin də olmasını, hər bir vətəndaşın Vətən uğrunda canından keçməyə hazır olmasının təcəssümü kimi dəyərləndirib.
Minnətdarlıq hissi ilə çıxış edən Məhərrəmin qohumları Qubada, şəhid jurnalistlərin xatirəsinə belə parkın salınmasına görə, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevə və əziyyəti keçən hər kəsə təşəkkür ediblər.
Aydın Adıgözəlov.