Göyçayda həmkəndlisini öldürməktə təqsirləndiirlən Qılman Mustafayevin cinayət işi üzrə məhkəmə isclası başlayır.
Bu barədə Ednews-a rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, 2021-ci il noyabrın 22-də rayonun Bəydövül kənd sakini 1983-cü il təvəllüdlü Elvin İsmayılovun öldürülməsi faktı ilə bağlı başlanan cinayət işinin ibtidai istintaqı tamamlanıb.
İstintaqla zərərçəkmişin həmkəndlisi, 1974-cü il təvəllüdlü Qılman Mustafayevin kənd ərazisində heç bir əsaslı səbəb olmadan Elvin İsmayılova soyuq silah hesab edilən bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanan sübutlar əsasında Qılman Mustafayevə Cinayət Məcəlləsinin 120.2.2-ci (Xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228.4-cü (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə yekun ittiham elan edilib.
Daha sonra cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.