"Narkotikə qurşanan adamları buna mühit məcbur edir".
Ednews xəbər verir ki, bu sözləri narkomaniya üzrə ekspert Emil Maqalov şəxsi facebook səhifəsində qeyd edib. Ekspert narkodispanserlərdə müalicə almasına baxmayaraq sağala bilməyən narkomanlardan danışaraq buna səbəb kimi köhnə əhatələrindən çıxmadıqlarını əsas gətirib.
“Narkotik istifadəçilərinin oturub-durduğu adamlar olur ki, onlar da narkotik aludəçiləridir. Müalicə edilən şəxs belə insanların ətrafında narkotik istifadə etməyə başlayır. Beləliklə, narkotik istifadəçisi müalicə alsa da köhnə əhatəsindən çıxıb, cəmiyyətə qoşula bilmir".
Emil Maqalov həmçinin narkotik aludəçilərinin sağlamamasına səbəb kimi onların cəmiyyətdən təcrid olunmasını əsas gətirib.
"Həm də bizlər onu yanımıza buraxmırıq. Özümüzü düşünürük və yanımızda problem olmasın deyə ətrafımızdan belələrini təcrid edirik. Sonradan onlar yenidən əvvəlki-çirkli ətrafına qayıdır. Çünki narkoman olan insanlar onu qəbul edir, özü kimi bilir. Nəticədə, o, yenidən narkotik istifadə etməyə başlayır. Çünki mühit onu məcbur edir”.
Ekspert paylaşımında belə şəxslərlə necə davranmalı və onlara hansı formada dəstək olmağımız haqqında məlumat verib.
“Biz əlimizdən gəldiyi qədər belə şəxslərə yardım etməliyik. Maddiyyatdan söhbət getmir. Mənəvi olaraq müalicə almış şəxsə kömək olmalı və onlara ruh yüksəkliyi verməliyik”.
Ləman Abbaslı
