Təhsil eksperti Kamran Əsədov Təhsil Nazirliyini sərt tənqid edərək, quruma bir sıra suallar ünvanlayıb.
Ednews xəbər verir ki, ekspert bu barədə şəxsi facebook hesabında paylaşım edib.
"MİQ müsabiqəsini keyfiyyətsiz keçirən orqan sertifikasiyanı keçirtməyə qadirdir?
Təhsil Nazirliyi MİQ imtahanlarında riyaziyyat fənni üzrə 3 sualın əvvəlcədən ictimailəşməsini etiraf etməyə sadəcə məcbur oldu:
1. Görəsən MİQ üçün Təhsil Nazirliyinə təqdim etdiyi sualları müavinlərinə də ötürən həmin riyaziyyat müəllimi, eyni zamanda ibtidai siniflər üzrə riyaziyyatdan hazırlaşdırdığı müdavimlərinə də nazirlik üçün hazırladığı ibtidai siniflər üçün sualları ötürübmü?
Siz necə əmin edə bilərsiniz ki, Riyaziyyatdan sualları verənlər, digər fənlərdən də verməyib?
Sadəcə olaraq, bu canlı yayımda olmayıb deyə inanaq?
2. MİQ müsabiqəsinin sual bazası üçün tapşırıq hazırlayan digər təlimçilərin bu sualları müdvimlərinə ötürmədiyinə kim qarantiya verir?
3. Niyə Təhsil Nazirliyi MİQ müsabiqəsinin test mərhələsi üçün tapşırıq hazırlamaq işini məhz kurs təlimçilərinə həvalə etməklə sualların əvvəlcədən yayılmasına şərait yaradır?
4. Niyə Təhsil Nazirliyi MİQ üçün sual hazırlayan eyni adamdan birdən-birə 3 sualı bir imtahana daxil edir?
5. Niyə Təhsil Nazirliyi keçən il imtahanlarda istifadə edilən sualları bu il təkrar imtahanlarda istifadə edir? Məsələn, tarix üzrə MİQ imtahanlarında keçən il istifadə edilən 4 sual bu il də təkrar istifadə edilib. Bu ümumi tapşırıqların 10 faizi deməkdir.
Beləliklə, MİQ tapşırıqlarının nəinki keyfiyyəti və qorunmasında problem var, üstəlik bu sualların istifadə etmək işində belə Təhsil Nazirliyi naşılıq nümayiş etdirir. Ramiz Rövşən sayağı olmasın: Satılmasa belə bahalıqdır..."
Ləman Abbaslı

