Prezident İlham Əliyevin müharibə əlillərinə xüsusi qayğısını əks etdirən növbəti sosial dəstək proqramına start verilib. Belə ki, Nazirlər Kabinetinin yeni təsdiq etdiyi qaydaya uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlanılıb.
Maraqlı məqamsa, birdəfəlik ödəmə təkcə Birinci Qarabağ müharibəsi zamanı yalnız hərbi qulluqçular və DİN əməkdaşlarına veriləcək yoxsa müharibədə könüllü şəkildə iştirak edənlərə də?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıblı Ednews-a açıqlaması zamanı bildirib ki, birdəfəlik müavinət müharibədə iştirak edən hər bir iştirakçıya şamil edilir.
“Bəli, əgər həmin şəxslərin xəsarətləri 1997-ci il avqustun 2-dək və buna görə əlillikləri varsa onlara da aiddir. Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə hərbi xidmətdə olan hərbi qulluqçular və DİN orqanlarının əməkdaşlarının aldıqları xəsarət nəticəsində əlilliyi təsdiq edilən şəxslərin hər birinə birdəfəlik ödəmə verilir. Ödəmələrin verilməsinə avqustun 2-dən start verilib”.
Maraqlıdır, indiyə qədər vəfat edən I Qarabağ əlillərinin birdəfəlik ödəmələri necə paylanılacaq?
Qurumun mətbuat katibi bu suallara da aydınlıq gətirib. Onun sözlərinə görə, həmin şəxslər hazırda həyatda yoxdursa, onların vərəsələri də birdəfəlik ödəmə almaq hüququna malikdir.
Qeyd edək ki, əlilliyi müəyyən edilmiş şəxslərə veriləcək birdəfəlik ödəmə I dərəcə əlilliyə görə 8800 manat, II dərəcə əlilliyə görə 6600 manat, III dərəcə əlilliyə görə 4400 manat təşkil edəcək.
Ləman Abbaslı