Avqustun 31-də ABŞ Prezidenti Co Bayden və İraqın Baş nazir vəzifısini müvəqqəti icra edən Mustafa Əl-Kazimi arasında telefon danışığı baş tutub.
Ednews xəbər verir ki, prezident Co Bayden Əl-Kazimi ilə telefon danışığında İraqda uzunmüddət ərzində davam edən siyasi böhranın milli diaoloq vasitəsi ilə həll edilməsinin vacibliyini vurğulayıb.
Bayden, həmçinin İraqda zorakı nümayişlərdən sonra təhlükəsizliyin yenidən bərqərar olunmasından məmnun olduğunu bildirib. O, qeyd edib ki, İraqda bütün siyasi problemlər ölkənin konstitusiyasına və qanunlarına uyğun həll edilməlidir.
Qeyd edək ki, 2021-ci ildə İraqda keçirilən son parlament seçkilərindən bəri siyasi qüvvələr arasında baş verən qarşıdurmalar səbəbindən yeni hökumət qurulmayıb. Avqust ayında Əl-Kazimi ölkədə növbəti idarəetmənin qurulması üçün siyasi liderlərin iştirakı ilə dialoqun keçirilməsinə çağırdı. Lakin ictimaiyyətdə kifayət qədər nüfuza malik olan şiə ruhanisi Müqtədə əs-Sədr İranyönlü siyasi qüvvələrlə danışıqların aparılmasından imtina etdi.