İngiltərəyə uçan təyyarə, əldəqayırma partlayıcı şübhəsi ilə Çexiya hava limanına təcili eniş edib.
Ednews xəbər verir ki, Polşanın Krakov şəhərindən İngiltərənin Bristol şəhərinə uçan təyyarədə son dəqiqədə hadisə baş verib.
Çexiyadakı Praqa Hava Limanının rəsmi Tvitter hesabında “Saat 22:50-də qalxan təyyarə Krakov-Bristol marşrutu ilə təhlükəsiz şəkildə eniş etdi. Sərnişinlərin və bütün hava hərəkətlərinin təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş bütün tədbirlər hazırda Çexiya polisi tərəfindən həyata keçirilir”,- deyə açıqlama paylaşılıb.
Çexiya polisi onların pirotexniklərinin hadisə yerində olduğunu və araşdırma apardığını təsdiqləyib.
Məlumata görə, zabitlər təyyarədə axtarış və yoxlama apararkən sərnişinlərə təyyarəni tərk etməyə icazə verilib.
Qeyd edək ki, Praqa Vatslav Havel Hava Limanı kimi tanınan Praqa Hava Limanı Çexiyanın ən işlək hava limanıdır.
Nəzrin Beydiyeva