“Azərbaycan xalqı və dövləti Türkiyəyə əsl qardaşlıq dəstəyi göstərir” - Könül Nurullayeva - ednews.net

28 Mart, Çərşənbə axşamı

(+994 50) 229-39-11

“Azərbaycan xalqı və dövləti Türkiyəyə əsl qardaşlıq dəstəyi göstərir” - Könül Nurullayeva

Cəmiyyət A- A A+

“Fevralın 6-da qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ bütün türk dünyasını sarsıtdı. Təəssüf ki, ölənlərin sayı artır. Azərbaycan xoş günlərdə olduğu kimi, dar gündə də qardaş Türkiyənin yanındadır. Zəlzələdən dərhal sonra Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğana başsağlığı verdi, bu ağır məqamda qardaş ölkəyə hər cür yardım göstərməyə hazır olduğunu bildirdi. Dövlət başçısının tapşırığına əsasən, baş vermiş faciənin nəticələrinin aradan qaldırılması ilə əlaqədar Azərbaycandan Türkiyəyə genişmiqyaslı yardıma başlanıb”

Bu sözləri Milli Məclisin deputatı Könül Nurullayeva Ednews-a açıqlamasında bildirib.

Deputat qeyd edib ki, qardaş ölkəyə ilk yardımın  məhz Azərbaycandan getməsi təsadüfi deyil.  

“Xilasetmə qrupları ilk gündən zəlzələ bölgəsində arama-qurtarma prosesinə cəlb edilib və çox fəal şəkildə hadisə bölgəsində işləyirlər.

Eyni zamanda Türkiyədə baş vermiş zəlzələdə zərərçəkənlərə dəstək məqsədi ilə Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım göndərildi. 36 ton yardım zəlzələ qurbanlarına çatdırılıb. Həkimlər, xilasedicilər, könüllülər göndərilir və göndəriləcək. Fondun bütün imkanları, Fondun nəzdində çalışan bütün insanlar  yardım kampaniyasına qoşulub”.

K. Nurullayeva bildirib ki, bu, əsl qardaşlıq nümunəsidir.

“Prezident İlham Əliyev də məlum faciə ilə əlaqədar Türkiyənin Azərbaycandakı səfirliyində oldu, qardaş ölkəyə başsağlığı verdi. Dövlət başçımızın da söylədiyi kimi,  Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən qardaş Türkiyənin yanında idi və öz dəstəyimizi, öz həmrəyliyimizi həmişə olduğu kimi nümayiş etdirdik. Azərbaycan xalqı da könüllü şəkildə qardaş ölkəyə dəstək olmağa çalışır”.  

Deputat onu da qeyd edib ki, toplama məntəqələrinə gələn insanlar zəlzələnin vurduğu zərərlərin minimuma endirilməsi üçün  əllərindən gələni edir.  

“Prezident İlham Əliyevin də söylədiyi kimi, bu qardaş dəstəyi bir daha onu göstərir ki, dövlətlərarası və dövlət başçıları səviyyəsində olduğu kimi, sadə insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur. Bu əlaqələr bütün dünyaya örnək olacaq səviyyədədir. Təsadüfi deyil ki, Azərbaycanda özəl şirkətlər də  yardım kampaniyasında fəal iştirak edir.  Məhz Prezident İlham Əliyevin göstərişi ilə yardım məsələləri bir mərkəzdən idarə olunacaq. Səfirlikdə olarkən dövlət başçımız hətta bizim xəstəxanalarda da yaralı qardaş-bacılarımızın müalicəsi uçun bütün şəraitin olduğunu bildirdi. Belə ki, Bakıda, digər şəhərlərdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında da artıq çarpayıların ayrıldığını və əgər ehtiyac olarsa, xəstələri gətirməyə hazır olduğunu qeyd etdi”.

K. Nurullayeva həm də bildirib ki, könüllü qrupların zəlzələ bölgəsinə getməsi də bizi qürurlandırır. 

“Vətənpərvər və humanist gənclərimiz  ölkə daxilində vacib proseslərdə iştirak etdiyi kimi, ölkə xaricində də fəallıq tələb edən tədbirlərdə öndə gedir. Qardaş ölkənin bu sınaqdan üzüağ çıxmasına öz töhfəsini verir. Biz sona qədər dövlət və xalq olaraq Türkiyənin yanındayıq. Türkiyə dövləti və xalqının by sınaqdan da  üzüağ çıxacağına əminik”.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...