İraqlıların yarıdan çoxu edam edilən sabiq prezident Səddam Hüseynin zamanında ölkənin vəziyyətinin daha yaxşı olduğunu etiraf edib.
Ednews “BBC Arabic”ə istinadən xəbər verir ki, "Gallup İnternational Association" təşkilatı iraqlılar arasında sorğu keçirib. Sorğunun nəticələrinə əsasən, iraqlıların böyük bir hissəsinin fikrincə, 2003-cü ildə ölkədə yaşayış səviyyəsi, sosial və ictimai həyat indikindən daha yaxşı idi. Sorğuda iştirak edənlərin yarıdan çoxu əmindir ki, Amerika Birləşmiş Ştatları ölkənin təbii resurslarını ələ keçirmək üçün İraqa hücum edib və onu hələ də nəzarətdə saxlayır.
Sorğunu cavablayan 51% iraqlı hesab edir ki, ABŞ İraqı onun resurslarını ələ keçirmək üçün işğal edib. Beləki, ölkənin cənub-şərq əyalətləri, xüsusilə, Ənbar bölgəsi neft və qaz ehtiyatları ilə zəngindir. Respondentlərin 29%-i işğalın Səddam rejimini hədəf aldığını qeyd edib. İraqda terrorla mübarizə və demokratiyanı bərqərar etmək istəyi, həmçinin ABŞ-nin öz müdafiə sistemini gücləndirmək üçün İraqdakı iqtisadi maraqlarını da səbəb gətirənlər olub.
ABŞ 2003-cü ildə ölkədə kütləvi qırğın silahlarının mövcudluğunu iddia edərək İraqı işğal etmişdi. Amerika bütün dünyaya Səddam Hüseyn rejiminin qlobal təhlükəsizliyə təhdid olduğu fikrini yaymışdı. Lakin bu iddialar öz təsdiqini tapmadı. Ölkədə kütləvi qırğın silahlarına dair heç bir izə rast gəlinmədi. Müharibə İraqda minlərlə insanın ölümünə səbəb olub, ölkədə indiyə kimi qeyri-sabitlik hökm sürür.
Törə Zeynal