23-24 may tarixlərində Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə “Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: Humanitar tətbiqlər” mövzusunda ilk beynəlxalq konfrans keçiriləcək.
“Birinci Qarabağ Müharibəsində itkin düşmüş şəxslərin taleyi konfransın əsas müzakirə mövzularından biridir”.
Bu sözləri Ednews-a açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.
O, bildirib ki, konfransın əsas səbəbi Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə qazıntı işlərinin aparılmasıdır.
“Qazıntı işləri zamanı Birinci Qarabağ Müharibəsində itkin düşmüş şəxslərin taleyi ilə əlaqədar arxeologiya sahəsi ilə bağlı təcrübənin qazanılması və beynəlxalq təcrübə öyrəniləcək. Məhkəmə arxeologiyası Azərbaycanda yeni sahədir. Azərbaycanın bu sahə üzrə olan imkanları və beynəlxalq təcrübənin öyrənilməsi üçün konfrans keçirilir. Xaricdən yəni, Amerika Birləşmiş Ştatları, Argentina, Bosniya və Hersoqovina, İsveçrə, Kanada, Kipr, Peru, Türkiyədən bu sahə üzrə çalışanlar gələcək”.
Eldar Səmədov vurğulayıb ki, burada əsas məqsəd Azərbaycandan olan mütəxəssis və elmi işçiləri bir araya gətirərək qeyd edilən sahələrin beynəlxalq standartlar, multidissiplinar çərçivə və humanitar yanaşma tədbiq edilərək Azərbaycanda elmi əsaslarının qoyulması və inkişaf etdirilməsidir.
“Elmi konfransın məqsədi məhkəmə arxeologiyası və məhkəmə antropologiyası sahələrində çalışanlarla təcrübə mübadiləsi aparmaq və Azərbaycanda bu sahənin imkanlarının araşdırılması, yeni texnologiyaların ölkəmizdə tətbiq edilməsidir”.
Aysel Şahmar