Bir neçə gündür Tovuzda 13 yaşlı qızın özündən böyük kişi ilə qoşulub qaçması hadisəsi ölkə gündəmini zəbt edib.
Erkən nikahın problemə çevrildiyi bir vaxtda öz istəyilə bir azyaşlının ondan dəfələrlə böyük üç uşaq atası ilə ailə qurmaq məqsədilə evini tərk etməsi cəmiyyəti təəccübləndirdiyi qədər həm də suallar doğurub. Dərs oxumalı, bilik və savada yiyələnməli olduğu bir yaşda qızcığazı məktəbə deyil də, “ər evi”nə getməyə həvəsləndirən nədir?
“Cəmiyyətimizdə bəzi hadisələr kütləvi hal alıb, bəziləri isə individual şəkildə baş verir. 13 yaşlı qızın öz istəyilə yaşca dəfələrlə böyük birinə ailə qurmaq məqsədilə qoşulub qaçması nadir hadisədir. Düşüncələr fərqlidir, psixologiyalar fərqlidir. Həmin şəxsin psixoloji travması ola bilər və ya hansısa konkret səbəbdən bu addımı atmış ola bilər – detalları bilmədiyimiz üçün dəqiq fikir yürüdə bilmərik”.

Hadisəyə münasibət bildirən psixoloq Fərqanə Mehmanqızı bu fikirləri Ednews-a açıqlamasında bildirib. O qeyd edib ki, azyaşlının bu addımı atmasının səbəbləri müxtəlif ola bilər:
“Şəxsiyyətin formalaşması dövründə şəxsdə olan və ya qarşılaşdığı problemlər, travmalar və xarakter burada rol oynayır. Hər azyaşlının həyata baxışı fərqlidir. Bu gün ölkədə kütləvi hal alan problem erkən nikahdır. Bunun da qarşısını almaq üçün həm dövlət, aidiyyatı qurumlar səylərini gücləndirməlidir, həm də ictimai qınaq kəskin olmalıdır. Nə olur olsun, individual hadisələr həmişə yaşanacaq, bunu ictimailəşdirməyi düzgün hesab etmirəm”.
Psixoloq onu da bildirib ki, cəmiyyətin hər məsələdə ailə üzvlərini, valideynləri qınaması da yanlış yanaşmadır, bu, çıxış yolu ola bilməz:
“Biz çox vaxt valideynləri qınayırıq. Bu, yanlışdır və uşağa valideynini sanki şantaj etmək üçün əsas verir – “mənimlə elə davran ki, evdən çıxıb getməyim”. Uşaqda belə düşüncə, fikir formalaşmamalıdır, cəmiyyətə belə düşüncə aşılanmamalıdır. Son illər yeniyetmələrin intiharı sanki dəb halını alıb. Valideyn uşağına bir söz deyə bilmir, uşaq özünü öldürəcəyilə hədələyir, intihar səhnəsi düzəldir. Belə yanaşma forması özü uşaqların ağlına evdən qaçmaq, intihar etmək ideyasını gətirir. Uşaq əvvəldən disiplinli böyüdülməlidir, bilməlidir ki, evdə söz sahibi kimdir. Belə böyüyən uşaq hərəkətlərinin həddini də, cəmiyyətdə davranış qaydalarını da biləcək”.
Törə Zeynal