“Oğlumu heç vaxt Qarabağda döyüşməyə göndərmərəm”.
Ednews xəbər verir ki, bu fikirləri erməni əsilli Gürcüstan vətəndaşı olan Aleksandr məşhur bloger, şoumen Kamran Razmovarla söhbət əsnasında səsləndirib.
Aleksandr öncə Gürcüstanda yaşayan ermənilərlə digər ermənilər arasında olan fərqdən danışıb.
“Birincisi bizim dilimiz arasında çox böyük fərq var. Çünki biz daha çox rus dilinə üstünlük veririk. Mən tanıdığım Gürcüstanda yaşayan ermənilərin əksəriyyəti provaslavlardır.”
Sülhdən söz açan Kamran Razmovarın sualına isə Aleksandr cavabında “müharibəni heç kəs istəmir” deyib:
“Əgər övladlarımıza Azərbaycan xalqı pisdir və ya azərbaycan övladlarına ermənilər pisdir deyimi öyrədilməsə, birgə yaşayıb, birgə işləsələr, təbii ki, sülh ola bilər”.
Aleksandr “oğlumu heç vaxt Qarabağ üçün döyüşməyə göndərmərəm” deyərkən Kamran Razmovar “sözün açığı mən də oğlumu yad ölkə uğrunda döyüşməyə göndərməzdim” cavabını verib:
“Axı Qarabağ erməni torpaqlarının bir hissəsi kimi qəbul edilməyib. Qarabağ onlar üçün yad ölkə hesab olunur. Yad ölkə uğrunda mən də oğlumu heç vaxt döyüşə göndərməzdim. Yox, əgər ermənilər Qarabağı öz ərazilərinin bir hissəsi kimi qəbul etsələr, bu ayrı məsələ. Ermənilər həm bunu qəbul etmirlər, həm də oğlanları yad ölkə uğrunda döyüşə göndərirlər”.