Qondarma rejimin “rəhbəri” Araik Arutyunyanın “istefa”sından sonra xunta yenidən “prezident seçkiləri” keçirmək qərarına gəliblər. “Seçki”nin birinci turu sentyabrın 9-da “parlament”in növbədənkənar sessiyasında keçirilməsi planlaşdırılır. İddialara görə, separatçı rejimin “təhlükəsizlik şurası”nın “katib”i Samvel Şahramanyanın birinci turda “prezident” seçiləcəyi gözlənilir.
Məsələ ilə bağlı Ednews-a danışan Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev bildirib ki, son vaxtlar separatçılar həm Ermənistanda, həm də Qarabağ bölgəsində aktivləşib:
“Bunların hər tərəfli dəstəkçiləri var. Həm ölkənin daxilindən, həm də xaricindən onlara kömək edən, rəvac verən qüvvələr mövcuddur. Bütün hədəflər Qarabağda sülh, barış nizamlanmasının və Zəngəzur dəhlizinin açılmasının qarşısının alınmasına yönəlib. Bu günlərdə Ermənistan faktiki olaraq onu yaradan, doğan, bir məmləkət, dövlət kimi ərsəyə gətirən Rusiya kimi tərəfdaşından imtina edir. Zənnimcə, Ermənistanın Rusiya ilə konfiliktinin səbəbi bilavasitə özləridir. Ermənistan Rusiyanın “forpostu” olaraq ortalığa gətirdiyi bir dövlətdir. Onlar hər zaman Rusiyanın imkanlarından çıxış edib. Bu səbəbdən də Ermənistan Rusiyanın mövqeyini gözləməli idilər. Ancaq onlar öz yaradanlarına qarşı çıxdılar”.
U.Mirzəyevin sözlərinə görə, ermənilər Türkiyə Azərbaycana yardım etdi, İsrail kömək etdi, Pakistan ordusunun əsgərləri 44 günlük müharibədə bizim tərəfdə vuruşdular kimi uydurma xəyallar qurmağa başladılar.
“Bu hər zaman olduğu kimi onların uydurmasıdır, bununla onlar özlərinə bəraət qazandırmağa çalışıblar. Guya iddia edirlər ki, niyə Azərbaycana hər yerdən kömək edildi, bizə yardım edən olmadı. Faktiki olaraq, bunlar Azərbaycana yox dünyaya meydan oxuyurdular. 44 günlük müharibənin başlamasına özləri provokasiya etdilər, məğlub da oldular. Ona görə də Ermənistanda separatçıların seçki planlaşdırması, o cümlədən deyək ki, prezident, parlament, mer seçkiləri bütün bunlarla dünyaya mesaj vermək istəyirdilər ki, Ermənistan necə demokratik bir ölkədir. Guya hadisələrə insan haqları prizmasından yanaşırlar. Seçkilərin də keçirilməsi beynəlxalq ictimaiyyətə mesajdır. Baxmayaraq ki, ermənilər blokadadırlar, acından qırılırlar, ölürlər, amma demokratiyanı yaddan çıxarmırlar. Qonşularla dil tapmaq əvəzinə, münasibət qurmaq əvəzinə insanları təxribata çəkirlər. Əllərimizlə tikdiyimiz evdə oturub bizə tarix uydururlar”.
BAMF prezidenti hesab edir ki, separatçıların seçki məsələsində Azərbaycan müəyyən addımlar atacaq:
“Onlar özlərini unudublar. Bu proseslərə müdaxilə etməliyik. Lazım olsa gücdən istifadə edə bilərik. Onlar fərqinə varmalıdırlar ki, 2020-ci illərdən əvvəlki illər deyil. Artıq çevrə, yollar bağlanıb. Samvel Şahramanyan Nikol Paşinyanın adamıdır. Lap olsa da, olmasa, da hər iki halda Ermənistanın dəstəyi onların üstündədir. Maliyyə qaynaqları, müəyyən ideoloji istiqamətləndirmə məsələləri var. Bunlar Ermənistanın ətəyindən yapışıblar. Separatçılar Qarabağa elə Ermənistanın özündən gəliblər. Separat başı adamların böyük əksəriyyəti İrəvandadır. Onların tövsiyyəsi ilə hərəkət edirlər. Bu gün üçün Paşinyanın alternativləri yoxdur. Özünün idarəetməsində də müəyyən problemlər var. Paşinyan ən yaxın resurslarını, silahdaşlarını yanlış və uğursuz siyasəti ilə itirməkdədir. Paşinyanın sonu çatır. Ən təhülkəsi isə odur ki, separatçılar hakimiyyətə qayıda bilərlər. Əgər Paşinyan ciddi addımlar atmasa, öz dayaqlarını möhkəmləndirməsə onun üçün çətin olacaq”.
Oğuz