Demokratik inkişaf yolu seçən bütün sivil dövlətlərdə olduğu kimi ölkəmizdə də vətəndaş cəmiyyəti quruculuğu özünəməxsus tarixi inkişaf yolu keçmişdir. İctimai sektorun inkişafı üçün zəruri hesab olunan məqsəd və hədəflər, prioritetlər davamlı şəkildə aparılmış geniş müzakirələr nəticəsində müəyyən edilərək daha da zənginləşdirilmiş və bu sahədə beynəlxalq təcrübə diqqətlə öyrənilmişdir.
1997-ci ildə Azərbaycan və BMT-nin İnkişaf Proqramı arasında QHT sektorunun təsisi və inkişaf etdirilməsi sahəsində əməkdaşlıq başlanılıb. 1999-cu ildə Azərbaycan Milli QHT Forumunun qurulması ilə bu işlər daha da stimullaşdı. 2000-ci ildə "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanun qəbul olundu. Bu qanun MDB məkanında QHT-lərin fəaliyyətini tənzimləyən ilk qanun olmuşdur.
Azərbaycanın ən böyük və başlıca Qeyri Hökümət Təşkilatlarından biri olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun 31 illik fəaliyyəti çox şaxəlidir. BMT-nin İnkişaf Proqramı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, ABŞ Dövlət Departamenti, ABŞ Tədqiqat Əməliyyat Mərkəzi, Avropa Komissiyası, NATO, Beynəlxalq Mətbuat İnstitutu, Beynəlxalq Jurnalistlər Federasiyası, Sərhədsiz Reportyorlar, Beynəlxalq Söz Azadlığı Mübadiləsi, Beynəlxalq Xəbər Təhlükəsizliyi İnstitutu, bir sıra ölkələrin Azərbaycandakı səfirlikləri, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik, habelə regiondakı yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir. Fəaliyyətə başladığı ilk dövrlərdən qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli məsələsini prioritet vəzifələrdən biri hesab edən BAMF bu istiqamətdə bir sıra konfranslar təşkil etmiş, layihələr həyata keçirmişdir.
Fondun misilsiz inkişafın da böyük töhvələr verən Beynəlxalq Avrasiya Fondunun sədri Umud Mirzəyev həmçinin Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin rəhbəri, Azərbaycan Mətbuat Şurası sədrinin müavini, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Qeyri-Hökumət Təşkilatları Forumu idarə heyətininin üzvüdür.
Beynəlxalq Avrasiya Mətbuat Fondu əsasən üç istiqamətdə – media və vətəndaş cəmiyyətinin inkişafı; sülhməramlı aksiyalar və konfliktologiya; qaçqınlar, məcburi köçkünlər və icma problemləri istiqamətlərində fəaliyyət göstərir. Beynəlxalq təşkilatlara üzvlüyü BAMF-ın fəaliyyət dairəsinin genişlənməsi ilə yanaşı həm də fonda müvafiq səlahiyyətlər qazandırır.
ECOSOC-da xüsusi məşvərətçi status qazanan BAMF BMT Baş Assambleyası tərəfindən çağırılan beynəlxalq konfrans və digər xüsusi iclasların iştirakçısı olmaq, komitə tərəfindən verilmiş zəmanət əsasında şifahi, həmçinin qısa yazılı bəyanatlar vermək, ECOSOC-un və onun digər orqanlarının iclaslarında iştirak üçün nümayəndələr təyin etmək, QHT-lərin maraqlı olduğu məsələlərlə bağlı katiblikdəki məmurlarla məsləhətləşmələr aparmaq səlahiyyətinə malikdir.
Təşkilat Beynəlxalq Mətbuat İnstitutunun tərəfdaşı kimi bu nüfuzlu qurumun hər il keçirdiyi Dünya Konqreslərində və Baş Assambleyalarında iştirak edir, təkliflər irəli sürür, Azərbaycanda müstəqil medianın inkişafı ilə bağlı məsələlər qaldırır.
BAMF-ın Tərtər, Füzuli və Ağstafa rayonlarında regional ofisləri fəaliyyət göstərir. Şuranın fəaliyyətə başlaması ilə Azərbaycanda vətəndaş cəmiyyəti institutlarına ixtisaslaşmış dövlət dəstəyinin həyata keçirilməsi sahəsində yeni idarəetmə modeli meydana gəlmişdir.
Xəyal Ramiz