“Qeyri Hökumət Təşkilatları (QHT) Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə 1945-ci ildən - təşkilat yarandığı gündən aktiv əməkdaşlıq edirlər. QHT-lər informasiyanın yayılması, maarifləndirmə, təhsilin səviyyəsinin yüksəldilməsi, informativ təbliğat siyasəti, birgə operativ layihələr, dövlətlərarası proseslərdə iştirak və texniki ekspertiza xidməti kimi müxtəlif tədbirlərin həyata keçirilməsində iştirak edirlər”.
Ednews xəbər verir ki, bu sözləri Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə keçirilən "Qeyri-hökumət təşkilatları yeni inkişaf mərhələsində" adlı forumda çıxış edərkən deyib.
U.Mirzəyev forumda “QHT-lərin BMT-nin İqtisadi və Sosial Şurasına üzvlüyü və bu statusun verdiyi üstünlüklər" mövzusunda fikirlər səsləndirib:
“ECOSOC BMT-də QHT-nin rəsmi əsaslı iştirakı üçün yeganə əsas orqandır. Bu akkreditasiya çərçivəsi həm BMT, həm də QHT-nin xeyrinədir. Məsləhətçi statusun üç növü var: Əsas, Xüsusi və Roster (ilkin). 2023-cü ilin noyabr ayınadək olan məlumata görə, 6494 QHT ECOSOC yanında aktiv məşvərətçi statusuna malikdir. Onlardan 967-si İlkin, 5389-u Xüsusi və yalnız 138-i Əsas Məşvərətçi statusa sahibdir. ECOSOC-a üzv olan QHT-lər beynəlxalq konfrans və tədbirlərdə iştirak etmək, yazılı və şifahi məruzələrlə çıxış etmək, esabat və bəyanatlarla müraciət etmək, paralel sessiyalar təşkil etmək kimi üstünlüklər əldə edə bilirlər”.
Fond rəhbəri qeyd etdi ki, 1992-ci ildən fəaliyyət göstərən BAMF yarandığı ilk gündən BMT və onun qurumları ilə əməkdaşlıq etmişdir:
“BAMF 2007-ci ildə BMT ECOSOC-un xüsusi, 2014-cü ildə isə Əsas Məşvərətçi statusunu qazanmışdır. Təşkilat öz statusundan istifadə edərək mütəmadi olaraq, BMT-nin Nyu York, Cenevrə və Vyana ofislərində insan haqqları, qaçqın və məcburi köçkünlərin problemləri, təhsil, ekologiya, mədəniyyət və o cümlədən Azərbaycan həqiqətlərinin təbliği istiqamətlərində silsilə tədbirlər, paralel sessiyalar və görüşlər keçirməkdədir.
BAMF, həmçinin, indiyədək ECOSOC-a üzvlüklə bağlı materiallar çap etmiş və çoxsaylı informativ seminarların təşkilatçısı olmuşdur. Bu gün BMT ECOSOC-da status sahibi olan Azərbaycan QHT-lərin müraciət və qeydiyyat proseslərində birbaşa olaraq BAMF-ın dəstəyi olmuşdur.
Beynəlxalq Avrasiya Mətbuat Fondu vətəndaş cəmiyyəti təşkilatlarını BMT ECOSOC-da təmsil olunmağa, bəşəri dəyərlərin və insan haqqlarının qorunması üçün birgə addımlamağa çağırır. Nəzərə almaq lazımdır ki, BMT ECOSOC Azərbaycan reallıqlarının dünyaya çatdırılması üçün ən qlobal və ciddi platformalardan biridir”.
Qeyd edək ki, forum Heydər Əliyevin 100 illiyi və Zəfər günü çərçivəsində keçirilib. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə keçirilən forumda 200-dən çox QHT təmsilçisi iştirak edib.
Oğuz