Noyabrın 21-də Beynəlxalq Avrasiya Mətbuat Fondu təşkilatın ictimai nüfuzuna, fondun əməkdaşlarının şərəf və ləyaqətinə xələl gətirmək məqsədi ilə sosial şəbəkələrdə yayımlanan yalan-böhtan xarakterli, şantaj məqsədli paylaşımlar barədə bəyanat yayımlayıb. Bəyanat BAMF kollektivinin 200 nəfər üzvü tərəfindən imzalanıb. Bəyanatın mətnini təqdim edirik:
"Beynəlxalq Avrasiya Mətbuat Fondunun İcma Mina Aksiyası komandasının keçmiş əməkdaşı (mina axtaran) Nəcəfzadə Emin Əziz oğlu son günlər öz “Facebook” və “Tiktok” sosial media hesablarında BAMF-ın ictimai nüfuzuna xələl gətirən yalan-böhtan xarakterli, şantaj məqsədli paylaşımlar edir. Nəcəfzadə Emin Əziz oğlu müvafiq mina axtarma təlimlərini keçdikdən sonra 22.08.2022-ci il tarixində BAMF-ın İcma Mina Aksiyası komandasına qoşulmuşdur. O BAMF-da çalışdığı müddətdə komanda daxili mühitə uyğunlaşmaqda çətinlik çəkmiş, mütəmadi olaraq şəxsi və sosial problemləri ilə diqqət mərkəzində olmuş, adekvat olmayan hərəkətləri ilə komanda üzvləri tərəfindən narazılıqla qarşılanmışdır. Sonradan araşdırmalar nəticəsində N. Eminin müəyyən radikal qrupların, cərəyanların üzvü olması ilə bağlı detallar da müəyyən olunmuşdur. O, həmçinin, son zamanlar özünün Suriyada təlimlərdə iştirakı ilə bağlı da fikirlər səsləndirmişdir.
Nəcəfzadə Emin 04 noyabr 2023-cü il tarixdə öz qeyri-etik davranışı ilə Azərbaycanın ilk qadın minatəmizləmə qruplarının fəaliyyət göstərdiyi sahədə olarkən komanda yoldaşı ilə mübahisəyə başlayaraq ona bıçaqla zərər yetirməyə çalışmış və komanda daxili intizamı kobud şəkildə pozmuşdur. Dərhal məsələ ilə bağlı təşkilat daxili komissiya yaradılaraq izahatlar, şahidlərin ərizələri və digər faktlar toplanaraq akt tərtib olunmuşdur. Baş verən hadisə ilə bağlı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi və 72-ci maddəsinin “ç”, “e”, “f”, bəndləri, o cümlədən, BAMF-ın daxili “Davranış Kodeksi”-nin kobud şəkildə pozulması faktları əsasında Nəcəfzadə Emin Əziz oğlu ilə olan əmək müqaviləsinə birtərəfli xitam verilmişdir.
14 noyabr 2023-cü il tarixində BAMF rəhbərliyi ilə görüşdən sonra işə bərpa olunmayacağını başa düşən və geriyə yol olmadığını görən Nəcəfzadə Emin şantaja əl atacağını bildirərək təşkilat rəhbərliyini təhdid etməyə başlayıb. O ilk öncə müxtəlif rəsmi qurumlara şikayət edib. Daha sonra isə öz şəxsi “Facebook” və “Tiktok” sosial media hesabında tamamilə əsassız və BAMF-ın təşkilatı reputasiyasına zərbə vuracaq fikirlər səsləndirərək məqsədli şəkildə hazırladığı yalan və böhtan xarakterli video yayımlayıb. Nəcəfzadə Emin həqiqətə uyğun olmayan, öz şər-böhtan əməlləri ilə yarandığı ilk gündən şanlı bir yol keçmiş, özünəməxsus tərcümeyi-halı olan təşkilatın ictimai nüfuzuna xələl gətirməyə, onun şərəfini aşağılamağa çalışmışdır. Nəcəfzadə Emin, həmçinin, öz ifadələri ilə gecə-gündüz dayanmadan mina aksiyasında çalışan, həyatlarını təhlükəyə atan qəhrəman mina axtaranların fəaliyyətinə, ölkədə aparılan mina təmizləmə işlərinə və mina qurbanına çevrilən minlərlə Azərbaycan vətəndaşına qarşı hörmətsizlik edərək öz davranışı ilə bütün bu qeyd olunanlara kölgə salmağa çalışmışdır.
Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) 1992-ci ildə Azərbaycanda dövlət qeydiyyatına alınmış, BMT-nin İqtisadi Sosial Şurasının (ECOSOC) QHT bölməsinin Əsas məşvərətçi statuslu üzvü olan ilk müstəqil, beynəlxalq qeyri-hökumət təşkilatıdır. Nəzərə almaq lazımdır ki, BAMF gəlir gətirən kommersiya təşkilatı deyildir. Fəaliyyətə başladığı ilk gündən cəmiyyəti narahat edən problemlərin həlli istiqamətində çoxsaylı layihələrə imza atan BAMF Azərbaycanda mina təhlükəsi ilə mübarizə proqramına 2000-ci ildən sonra qoşulmuş və bu gün də Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) yeganə QHT partnyorudur. BAMF-ın İcma Mina Aksiyası komandası son 20 ildə ən az maliyyə məsrəfləri ilə ümumilikdə 12,193 hektar ərazini minalardan və partlamamış hərbi sursatlardan (PHS) təmizləmiş və son istifadəçiyə təhvil vermişdir. Bu gün də komanda ən minimum şərtlərlə ən çox çirklənmiş ərazilərdə peşəkarcasına fəaliyyətinə davam edir.
Biz, bu bəyanatı imzalayan – BAMF kollektivi olaraq sözügedən şəxs - Nəcəfzadə Eminin keçmişini ciddi araşdırmaqla onun bütün əməllərinə hüquqi qiymət verilməsini aidiyyatı üzrə rəsmi qurumlardan xahiş edirik".