"Real"ın baş məşqçisi Karlo Ançelotti yarımmüdafiəçisi Arda Gülerin fiziki durumundan danışıb.
Ednews xəbər verir ki, mütəxəssis zədəsini yeni sağaldan 18 yaşlı futbolçunun artıq komanda ilə məşqlərə başladığını qeyd edib:
“O, bu həftə komanda ilə məşqlərə başladı. Sabah Arda heyətdə olacaq. Yavaş-yavaş oyun şansı qazanacaq. Arda Gülər hücumameyilli oyunçudur. O, yarımmüdafiəçi, mərkəz hücumçusu və ya sağ cinah oyunçusu kimi oynaya bilər”.
Xatırladaq ki, Güler bu yay transfer pəncərəsində "Fənərbaxça"dan Madrid təmsilçisinə keçib. Türkiyə millisinin üzvü yeni klubuna transfer olunduqdan sonra 2 dəfə ağır zədə alıb. Bu səbəbdən 18 yaşlı yarımmüdafiəçi "Real"da rəsmi oyuna çıxa bilməyib. Daha əvvəl onun bu həftə La Liqada debüt edəcəyinin gözlənildiyi barədə məlumatlar yayılmışdı.