ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Arktika bölgəsini əhatə edən yeni regional mərkəz yaradıb.
EDNews.net xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.
Mərkəzə ABŞ ordusunun təqaüddə olan generalı Randi Key rəhbərlik edəcək.
“Randi Key Müdafiə Nazirliyinin altıncı regional mərkəzi olan Arktikada Təhlükəsizlik Araşdırmaları Mərkəzinin qurulmasına kömək etmək üçün Arktikanın Təhlükəsizlik Məsləhətçisi vəzifəsini icra edəcək”, - deyə açıqlamada qeyd olunub.
Mərkəz regionda qaydalara əsaslanan nizam təmin etmək üçün tərəfdaş ölkələrlə işləyəcək.
Qeyd edək ki, Arktika bölgəsi buzların əriməyə başlaması ilə Qərb dövlətləri və Rusiyanın maraqlarının toqquşduğu növbəti ərazi olub. ABŞ bölgədə fəaliyyət göstərmək üçün yeni maşınlar alır, Rusiya isə nüvə enerjisi ilə işləyən buzqıran gəmilər inşa edir. Ekspertlər yaxın gələcəkdə Arktika bölgəsinin yeni toqquşma meydanı olacağını düşünür.