Türkiyə F-35 proqramından çıxarıldıqdan sonra 2020-ci illərin əvvəllərində istismardan çıxarmağı planlaşdırdığı F-4 döyüş təyyarələrini 2030-cu ilə qədər istifadə etməyə qərar verib.
EDNews.net xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyinin 2022-ci il büdcə təklifi ilə bağlı parlament komissiyasında çıxış edən müdafiə naziri Hulusi Akar məlumat verib.
Qəzet bildirib ki, ABŞ-dan 40 yeni F-16 təyyarəsinin alınması və hazırda istifadə edilən qırıcların modernləşdirilməsi ilə bağlı danışıqlar davam edir.
Qeyd edək ki, Türkiyə Rusiyadan S-400 zenit-raket kompleksləri aldıqdan sonra ABŞ Ankaranı F-35 qırıcı təyyarə proqramından çıxarıb. Rəsmi Ankara yerli qırıcının istehsalına başlayıb və F-35-lər üçün ödədəyi pulu geri tələb edir.
Hazırda Türkiyə Hərbi Hava Qüvvələrinin silahlanmasında 240-a yaxın F-16 və 30-dan çox F-4 döyüş təyyarəsi var.
ABŞ-ın “McDonell Douglas” şirkəti tərəfindən istehsal edilən və 1960-cı illərin əvvəllərindən ABŞ ordusu tərəfindən istifadə edilən F-4 döyüş təyyarələri ilk dəfə 1974-cü ildə Türkiyə Hərbi Hava Qüvvələrinə təhvil verilib. Türkiyənin 236 F-4 təyyarəsindən 54-ü 1997-ci ildə İsraillə bağlanmış müqavilə çərçivəsində modernləşdirilib və bu təyyarələr 2000-ci illərin əvvəllərində “Terminator 2020” kimi istifadə olunmağa başlayıb. 30-dan çox “Terminator 2020” hazırda aktiv istifadədədir.
ABŞ, Böyük Britaniya və Almaniya daxil olmaqla ölkələr F-4 təyyarələrini istismarda çıxarsa da, Yunanıstan və Türkiyə F-4-lərdən istifadəni davam etdirən ölkələr sırasındadır.