Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Britaniyanın Baş nazir səlahiyyətlərini müvəqqəti icra edən Boris Conson arasında telefon danışığı baş tutub.
Ednews Anadolu Agentliyinə istinadən xəbər verir ki, telefon danışığında hər iki ölkənin lideri ikitərəfli münasibətlər və regional məsələlər ətrafında müzakirələr aparıblar.
Türkiyənin Kommunikasiyalar Departamentinin məlumatına görə, Ərdoğan Consonla müzakirələr apardığı zaman hər iki liderin bir-biri ilə yaxın təmasda olmasını, habelə Ankara və London arasında əlaqələrin qarşılıqlı hörmət və anlaşma əsasında daha da inkişaf etdirilməsini təqdirəlayiq hesab edib.
Ərdoğan Türkiyənin stateji tərəfdaşı və yaxın müttəfiqi hesab olunan Britaniya ilə əlaqələrin yaxın gələcəkdə hər iki tərəfin sağlam düşüncəsi ilə daha da dərinləşəcəyinə və inkişaf edəcəyinə inandığını bildirib.
Boris Conson öz növbəsində isə Ərdoğanı təbrik edərkən Türkiyənin zəruri qlobal faktora çevrildiyini, xüsusilə Ankaranın müharibə səbəbindən Ukrayna taxılı üzərində Moskva tərəfindən tətbiq edilən blokadanın aradan qalxmasında önəmli rol oynadığını bildirib.
O, həmçinin Rusiyaya qarşı iqtisadi sanksiyaların saxlanılmasının, Ukraynaya dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Britaniya-Türkiyə ticarət və iqtisadi əlaqələrində əldə olunan nailiyyətləri və irəliləyişləri yüksək səviyyədə təqdir edən hər iki lider müdafiə texnologiyaları və nüvə enerjisi sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə yönələn müzakirələrin davam etdirilməsini zəruri hesab ediblər.