Jurnalist Nəstərən Fərxe, Tehranın Əllamə Təbatəbai Universitetinin əfqanistanlı tələbəsi Səhra Rzayinin ailəsinin vəkili ilə müsahibəni yaydıqdan bir gün sonra həbs edilib.
Ednews "Azad İran" teleqram kanalına istinadən xəbər verir ki, İranın "Şərq" qəzetinin müxbiri Nəstərən Fərxe təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub.
"Şərq" qəzeti dekabrın 1-də yaydığı məlumatda kollektivinin ən gənc jurnalisti Nəstərən Fərxenin harada saxlanıldığı, nədə ittiham olunduğunun məlum olmadığını və indidən ona qarşı irəli sürülə biləcək ittihamların saxta olduğunu yazıb.
Xatırladaq ki, Jurnalistləri Müdafiə Komitəsi noyabrın ortalarında yaydığı məlumatda İranda etiraz aksiyaları başlayandan bu günə kimi 62 jurnalistin həbs edildiyini bildirib.