Mayın 9-da Pakistanın keçmiş baş naziri və müxalif Ədalət Hərəkatı (ƏHP) partiyasının sədri İmran Xan İslamabad Ali Məhkəməsinin binasında İslam Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən saxlanılıb.
O, Əl Qadir Trestinin vəsaitlərinin mənimsənilməsi ilə bağlı məhkəmə iclası çərçivəsində həbs edilib və Pakistan tarixində parlamentdə etimadsızlıq səsverməsi ilə hakimiyyətdən uzaqlaşdırılan ilk baş nazir olub.
Ölkədə baş verən qarşıdurmadan Ednews-a danışan müstəqil jurnalist Ahmal Jadoon İmran Xanın həbsinin Pakistandakı siyasi vəziyyətə hansı təsirləri ola biləcəyindən danışıb.
.jpeg)
“İmran Xan uzun illər siyasətlə məşğul olub və cəmiyyətin bütün təbəqələrində populyarlıq qazanıb. Etimadsızlıq səsverməsindən sonra o, Gallup sorğusuna əsasən ölkə tarixində ən populyar lider olub. Xanın həbsindən sonra ölkə boyu etirazların necə alovlanması bunun ciddi ictimai-siyasi nəticələr verəcəyini deməyə əsas verir. Etirazlar ictimaiyyətin keçmiş baş nazirə münasibətini açıq şəkildə əks etdirir. İndiki hakimiyyət xalqı sakitləşdirmək, sabitliyi təmin etmək üçün müdrik addımlar atmalıdır”.
Ekspert həmçinin Xanın həbsindən sonra küçələrə çıxan etirazçıların münaqişənin həlli istiqamətinə təsirindən də söz açıb.
“Təhrik-e-İnsaf (PTI) partiyasının rəhbərliyi qanuni hüququndan istifadə edərək bütün ölkə boyu etiraz aksiyası elan etdi. Beləliklə, PTI üzvləri öz liderini dəstəklədilər. Bundan sonra ali rəhbərliyin sülhü qorumaq çağırışına məhəl qoymayan Xanın tərəfdarları polislə toqquşub, Lahor və Ravalpinddə bir çox dövlət və özəl obyektlər vandalizmə məruz qalıb. Hazırda xeyli sayda etirazçı saxlanılıb."
Söhbət zamanı jurnalist etirazların yatırılmasının zorakı üsullarının hansı proseslərə gətirib çıxarmasından da danışıb. O, qeyd edib ki, belə repressiyalar problemi daha da dərinləşdirə və ciddi asayişin yaranmasına səbəb ola bilər.
“Hökumət və PTI (bütün əyalətlərdə) ümumi seçkilərin təyin edilməsi ilə bağlı konsensusa nail olmaq üçün dialoqa başladılar, lakin konsensusa gələ bilmədilər. Hesab edirəm ki, hökumət vəziyyətin sülh yolu ilə həllini tapmalı və bu münaqişəni həll etmək üçün seçki tarixi ilə bağlı PTI ilə dialoqu bərpa etməlidir. Öz növbəsində İmran Xan özü də PTI rəhbərliyini tərəfdarlarını dinc, qanuni şəkildə etiraz etməyə inandırmağa çağırmalıdır”.
Sonda ekspert hazırda Pakistanda baş verən hadisələrin beynəlxalq ictimaiyyət tərəfindən necə qarşılanmasından da söz açıb.
Jurnalist bildirib ki, İmran Xanın həbsi beynəlxalq mediada geniş işıqlandırılıb.
“Beynəlxalq ictimaiyyət, o cümlədən ABŞ və Britaniya diplomatları Pakistanı qanunun aliliyinə riayət etməyə çağırır. Çin xarici işlər naziri də iki günlük səfəri zamanı siyasi qüvvələrin konsensusa gələcəyinə ümid etdiyini bildirib. Təəssüf ki, PTI-nin atdığı addımlar Pakistanda kəskin iqtisadi böhrana səbəb olduğu üçün bu cür siyasi sarsıntılar proqnozlaşdırıla bilərdi."
Nurlana Hacıyeva