Gürcüstanın sabiq prezidenti, Ukrayna vətəndaşı Mixail Saakaşvili onu əfv etməkdən imtina edən Gürcüstan prezidenti Salome Zurabişviliyə cavab verib.
O, Rusiya prezidenti Vladimir Putinin hərbi əsiri olduğunu bildirib.
Bu barədə Saakaşvili Facebook hesabında məlumat verib.
“Bu gün mən məhkəmə iclasında çıxış etməli idim. Ancaq məni buraxmadılar və məhkəmə qeyri-müəyyən müddətə, minimum payıza qədər təxirə salındı.
Bugünkü nümunə də təsdiqləyir ki, mən Rusiya prezidenti Vladimir Putinin və onun istifadə etdiyi insanların əsiriyəm”, - Saakaşvili bildirib.
O qeyd edib ki, Nika Qvaramiyanın və digər hərbi əsirlərin əsir götürülməsi Gürcüstan tarixinin biabırçı səhifəsidir:
“Gürcü xalqı beynəlxalq ictimaiyyətlə birlikdə bu ədalətsizliyə tez bir zamanda son qoymalıdır.
“Gürcüstan zorakılıq, siyasi məhbuslar və digər rus lətifələri olmadan normal, demokratik, rəqabətli siyasi prosesə qayıtmalıdır”.
Məsələ ilə bağlı Ednews-a danışan Gürcü analitik Zaal Anjaparidze hesab edir ki, bu iddialar həqiqətə uyğun deyil və Saakaşvilinin özü də hərbi əsir statusuna “layiq deyil”.
.jpg)
“Saakaşvilinin bəyanatları sadəlövhlər, o cümlədən xarici ictimaiyyət üçün nəzərdə tutulub. O, hərbi əməliyyatlarda iştirak etməyib və buna görə də heç bir şəkildə hərbi əsir sayıla bilməz.
2008-ci ildən sonra Gürcüstan Rusiyaya qarşı hərbi əməliyyatlar keçirməyib.
Rusiya-Ukrayna müharibəsi zamanı Saakaşvili sərhədi qanunsuz keçdiyi üçün Gürcüstanda həbs edilib, ona görə də heç bir halda “hərbi əsir” statusuna layiq deyil.
O, bu bəyanatı ilə konyuktura oynayaraq anti-Rusiya istəklərini qızışdırmaq istəyir”.
Nurlana Hacıyeva