Cənubi Afrika Respublikasının Yohannesburq şəhərindən 250 km cənubda yerləşən kiçik qəsəbədə qızıl mədəni şaxtasından 30-dan çox mədənçinin meyiti tapılıb.
Ednews Reuters-ə istinadən xəbər verir ki, bir ay əvvəl qızıl mədənində qəza ola biləcəyi ilə bağlı xəbərdarlıq edilib. Bundan sonra mədənin fəaliyyətinin dayandırılması göstərişi verilsə də, işlər davam etdirilib. Şaxtada meyiti tapılan 30-a yaxın mədənçinin qanunsuz işlədildiyi ortaya çıxıb.
İşsizliyin geniş miqyas aldığı CAR-da qanunsuz şəkildə işçilərin əməyindən istifadə edən minlərlə belə mədən var. Bu işçilər tərk edilmiş mədənlərə, əsasən, orada qalan qiymətli metalları, daşları, hətta kömürü çıxarmaq üçün enirlər.
CAR Mədən və Energetika Nazirliyinin rəsmisi Ernest Mulipana mediaya açıqlamasında bildirib ki, 3 nəfərin meyiti dağıntılar altından çıxarılıb, daha 28 nəfərin cansız bədəni isə hələ şaxtadadır. Mədənçilərin mayın 18-də həlak olduğu təxmin edilir.
Mədən 90-cı illərdə qızıl hasilatı dayandırılana qədər fəaliyyət göstərib. Mulipana qeyd edib ki, sözügedən mədəndə metanın səviyyəsi yüksək olduğu üçün oraya enmək həyat və sağlamlıq üçün son dərəcə təhlükəlidir.
Törə Zeynallı