Litva prezidenti Gitanas Nauseda ABŞ prezidenti Co Baydenə ölkənin ən yüksək dövlət mükafatı olan Böyük Vitautas ordenini təqdim edib.
Ednews xəbər verir ki, bu barədə informasiyanı Ağ Ev yayıb.
Mənbə yazır ki, Baydenə qədər hələ heç bir ABŞ prezidenti bu mükafatı almayıb.
“Vilnüsdə NATO sammiti çərçivəsində prezident Nauseda prezident Baydenə qızıl boyunbağı ilə birlikdə Böyük Vitautas ordenini təqdim etdi. Bu, Litva Prezidentinin hər kəsə verə biləcəyi ən yüksək mükafatdır”, - Ağ Evin Mətbuat Mərkəzinin yaydığı bəyanatda deyilir.
ABŞ administrasiyası qeyd edir ki, Bayden Litva Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında ikitərəfli münasibətlərin inkişafında xüsusi xidmətlərinə, iki ölkə arasında siyasi, mədəni, iqtisadi və sosial əməkdaşlığın yaxşılaşdırılmasına görə ordeni alan ilk ABŞ prezidenti olub.
Qeyd olunur ki, orden 1930-cu ildə Litva Böyük Hersoq Vitovtun vəfatının 500-cü ildönümünü qeyd etmək üçün təsis edilib. O, litvalılara və əcnəbilərə “Litva dövləti qarşısındakı görkəmli xidmətlərinə görə” verilir.
Baydenlə görüşdə Litva prezidenti "regionda vəziyyətin pisləşdiyindən", Belarusun isə "əlavə təhlükə və təhlükəsizlik faktoruna" çevrilməsindən narahatlığını ifadə edib.
Nauseda NATO-nu və “ən güclü müttəfiqi” ABŞ-ı Baltikyanı ölkələrin “təhlükəsizliyi məsələsinə ciddi yanaşmağa” çağırıb.
Litva prezidenti həmçinin vurğulayıb ki, ölkə Amerika hərbi texnikası almağa davam etmək niyyətindədir.