“Deməzdim ki, BRİKS yaxın illərdə öz üzvləri üçün hansısa ümumi valyuta yarada biləcək. Bu hələ real görünmür, çünki BRİKS-in əsas üzvləri arasında nə Rusiya, nə Çin, nə də Hindistan və ya Braziliya pul siyasətində öz suverenliklərini bölüşməyə hazır deyillər”.
Bu fikirləri Ednews-a müsahibəsində siyasi elmlər namizədi, beynəlxalq və Rusiya-Türkiyə münasibətləri üzrə ekspert Kərim Has BRİKS ittifaqının yeganə valyuta yaratması barədə fikirlərə münasibət bildirərkən səsləndirib.
Ekspert bildirib ki, BRİKS ölkələri qarşılıqlı ticarətdə öz milli valyutalarından istifadəni artırırlar.
" Onlar qarşılıqlı ticarətdə öz milli valyutalarından istifadəni artırırlar və bu da təbii ki, dünya ticarətində Amerika dollarının rolunu nisbətən azaldır. Bu, əslində bütün ölkələr üçün yaxşıdır.
Yalnız Qərb valyutalarından, əsasən də dollar və avrodan asılı olmaq təkcə Rusiya və Çin üçün deyil, həm də Türkiyə və Azərbaycan üçün, əslində qlobal cənubun bütün ölkələri üçün təhlükəlidir. Ona görə də xarici ticarətdə xarici valyutalardan istifadənin şaxələndirilməsi müsbət haldır, lakin Qərb ölkələri üçün deyil. Bu, son nəticədə dolların yox olacağı anlamına gəlmir. De-dollarizasiya prosesi həm Çində, həm də Rusiyada, hətta qismən Hindistanda da gedir. Həmçinin, dollar və avrodan asılı olmaq bir çox ölkələr üçün yaxşı deyil, eyni zamanda yalnız Çin yuanı və ya Rusiya rublundan asılı olmaq da bir çox ölkələr üçün yaxşı deyil. Buna görə də, yaxın onillikdə dolların rolu nisbətən azalacaq və istənilən halda Qərb valyutaları ilə Çin yuanı və Hindistan rupisi arasında bir növ tarazlıq qalacaq”.
Ekspertin fikrincə, Rusiya ABŞ dollarından tamamilə qurtulmaq istəyir, lakin bu da Rusiyanın maraqları üçün zərərlidir.
“Yəqin ona görə ki, o zaman Rusiya ümumilikdə Çinin çox kiçik tərəfdaşı olacaq demək olar ki, tamamilə Çin yuanından asılı olacaq. Ona görə də dollar və avronun rolunun azalması Rusiya üçün təhlükəlidir".
ABŞ şirkətlərinə qarşı sanksiyaların tətbiqinə gəlincə, K.Has bunun tamamilə normal olduğunu bildirib.
"Bu normaldır, çünki dünyada sanksiyaları əsasən Amerika tərəfi tətbiq edir. Rusiyanın Amerika və ya Avropa şirkətlərinə qarşı hansısa sanksiyalar tətbiq etməsi Qərbin Rusiyaya, hətta Çinə qarşı tətbiq etdiyi sanksiyalarla müqayisədə heç bir şey deyil. Bu, Qərbin Rusiya və Çinə qarşı sanksiya siyasətinin məntiqi nəticəsidir".
Nurlana