Venesuela ABŞ-ın Cənubi Amerika ölkəsinin hüquq-mühafizə orqanları tərəfindən həbsinə order verilmiş müxalifət lideri Xuan Quaydonu müdafiə edən çıxışına kəskin etirazını bildirib və onun ekstradisiyasını təklif edib.
Ednews xəbər verir ki, bu barədə Venesuela Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Qeyd olunub ki, Venesuela Bolivar Respublikası ABŞ Dövlət Departamentinin ölkə ədliyyəsindən qaçan Xuan Quaydonu müdafiə edən bəyanatlarını qəti şəkildə rədd edir.
Xatırladaq ki, Xuan Quaydo Venesuela müxalifətinin lideridir. 2019-cu ilin əvvəlində hazırkı dövlət başçısı Nikolas Maduronun qalib gəldiyi 2018-ci il prezident seçkilərinin nəticələrini vətəndaşların qəbul etməkdən imtina etməsi səbəbindən baş verən kütləvi etirazlar fonunda Quaydo özünü ölkənin müvəqqəti prezidenti elan edib və ölkədə növbədənkənar seçkilər keçirəcəyini vəd edib.
Quaydo ABŞ, Kanada, eləcə də bir sıra Avropa və Latın Amerikası ölkələri tərəfindən Venesuelanın prezidenti kimi tanınıb. Rusiya isə Maduronu legitim prezident kimi tanıyıb.
2019-cu ildə Venesuela Ali Məhkəməsi Quaydonun sədr olduğu ölkə parlamentini – Milli Assambleyanı konstitusiyaya zidd qurum elan edib. 2020-ci ilin əvvəlində Maduronun tərəfdarı olan Luis Parra parlamentin spikeri olub. Quyadonun deputatlar arasından olan tərəfdarları (təxminən 100 nəfər) öz növbəsində Venesuelanın “El Nacional” qəzetinin redaksiyasına toplaşaraq müxalifətçini spiker seçiblər.
2022-ci ilin sonunda Milli Assambleyanın deputatları Xuan Quaydonun başçılıq etdiyi “müvəqqəti hökumətin” ləğvi üçün səs veriblər. 2023-cü ilin aprelində müxalifət lideri Maduro hökuməti tərəfindən təqib olunmaq təhlükəsi səbəbindən ABŞ-yə mühacir etdiyi açıqlanıb.