ABŞ ordusu prezident təsdiqi veriləcəyi halda hərbi məhkumların edamına hazırlıq üzrə daxili plan hazırlayıb.
EDnews xəbər verir ki, bu barədə ABC News daxili ordu sənədinə istinadən məlumat yayıb.
Məlumata görə, “Qətiyyətli Ədalət” adlı plan fevral ayında daxili istifadə üçün yayılıb. Sənəddə ölüm hökmü verilmiş 4 hərbi məhkumun İndiana ştatının Terre Haute şəhərindəki federal müəssisəyə köçürülməsi və edam prosedurlarına hazırlıq nəzərdə tutulur.
ABC News yazır ki, sənədə əsasən, ABŞ Prezidenti ölüm hökmlərini təsdiqləyərsə, edamların ən gec 150 gün ərzində icrası üçün bir sıra hərbi strukturlara hazırlıq tapşırılıb. ABŞ hərbi qanunvericiliyinə görə, hərbi məhkəmələr ölüm hökmü çıxara bilsə də, hökmün icrası üçün prezidentin təsdiqi tələb olunur.
ABŞ ordusunun sözçüsü Sintiya Smit bildirib ki, bu cür hazırlıq məşqləri uzun illərdir aparılır və prezident tərəfindən ölüm hökmü təsdiqlənəcəyi halda mümkün icraya hazırlığın standart hissəsidir. O, hazırda prezident tərəfindən konkret edam əmri verilmədiyini qeyd edib.
ABC-nin məlumatına görə, sözügedən 4 məhkum ağır cinayətlərdə təqsirli bilinib. Edamlar həyata keçirilərsə, bu, ABŞ ordusunda 1961-ci ildən bəri ilk belə hal olacaq.
Qeyd edək ki, ABŞ ordusunda sonuncu edam 1961-ci ildə həyata keçirilib. Bundan sonra hərbi məhkumlar barəsində ölüm hökmləri olsa da, onlar icra edilməyib.







