"Hesab edirəm ki, bu gün Ermənistanda keçirilən parlament seçkilərində Nikol Paşinyan öz qələbəsini təmin edəcək. Çünki Paşinyan artıq uzun müddətdir seçki kampaniyası aparır".
Bu fikirləri EDnews-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov qeyd edib.

O, bildirib ki, digər mühüm məqam, Ermənistan cəmiyyətinin artıq müharibə istəməməsidir:
"Bu gün erməni cəmiyyətinin əsas gözləntisi ondan ibarətdir ki, proseslər normal şəkildə davam etsin, seçkilər uğurla yekunlaşsın və Paşinyan növbəti dəfə baş nazir seçilsin. Ermənistan cəmiyyəti artıq anlayır ki, Azərbaycanla müharibə aparmaq mümkün deyil. Müharibə Ermənistan cəmiyyəti üçün ciddi nəticələrə səbəb olub və bundan sonra da eyni ssenarinin təkrarlanması mümkündür. Məhz buna görə də Ermənistan cəmiyyəti yeni müharibə istəmir".
Deputatın sözlərinə görə, Paşinyan Rusiya-Ermənistan münasibətlərinin də normal məcrada davam etməsinə çalışacaq:
"Rusiya tərəfinin ciddi addımlar atacağı düşünülmür. Çünki Rusiya hazırda Ukrayna ilə bağlı proseslərlə məşğuldur, bu vəziyyətdən çıxmağa çalışır, lakin hələ ki, buna nail ola bilmir. Ola bilər ki, müəyyən təxribat cəhdləri və ya başqa addımlar atılar. Lakin onların da qarşısı qətiyyətlə alınacaq və seçkilər normal şəkildə başa çatacaq".
Deputat onu da əlavə edib ki, Rusiya tərəfi müəyyən addımlar atsa da, bu cəhdlər, uğursuz olacaq.
Xatırladaq ki, bu gün Ermənistanda parlament seçkiləri keçirilir.
Aytac Kərimova | EDnews







