Pentaqonun kəşfiyyat qanadı İsrailin casusluq fəaliyyəti ilə bağlı qiymətləndirilən təhdid səviyyəsini “yüksək”dən “kritik” həddədək artırıb.
EDnews xarici mediaya istinadən xəbər verir ki, bu barədə ilk məlumatı “NBC News” yayıb, daha sonra “The New York Times” qəzeti mövzu ilə bağlı xüsusi hesabat dərc edib.
Məlumata görə, Pentaqonun Müdafiə Kəşfiyyat Agentliyi — DIA son həftələrdə İsrailin casusluq fəaliyyəti ilə bağlı təhdid səviyyəsini “yüksək”dən “kritik” həddə qaldırıb.
Xəbər agentlikləri anonim mənbələrə istinadən bildiriblər ki, qərar ABŞ-İsrailin İrana qarşı müharibəsi fonunda İsrailin getdikcə daha aqressiv taktikalara əl atması ilə bağlı narahatlıqlar səbəbindən qəbul edilib.
Mənbələrin sözlərinə görə, Pentaqon İsrailin yüksək rütbəli ABŞ rəsmilərini izləməyə çalışa biləcəyindən ehtiyat edir.
İddia olunur ki, İsrailin bu cür fəaliyyətinin məqsədi Ağ Ev daxilində müharibənin dayandırılması ilə bağlı aparılan müzakirələri öyrənmək və Vaşinqtonun mövqeyini əvvəlcədən müəyyənləşdirməkdir.
Qeyd olunur ki, məsələ ABŞ administrasiyası daxilində ciddi narahatlıq yaradıb və kəşfiyyat qurumları tərəfindən əlavə qiymətləndirmələr aparılır.







