Avstraliyanın müdafiə naziri Riçard Marles ölkədə ABŞ hərbi mövcudluğunun artdığını təsdiqləyib.
EDnews xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, ABŞ Dəniz Piyadaları Korpusu Avstraliyanı silah, sursat və hərbi texnikanın əvvəlcədən yerləşdirilməsi üzrə qlobal proqramına daxil edir. Bu çərçivədə ilkin ehtiyatların Viktoriya ştatındakı Bandiana hərbi bazasına köçürülməsi planlaşdırılır.
Riçard Marles bildirib ki, ABŞ-ın regionda artan hərbi izi Avstraliyanın milli təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu addım ölkənin müdafiə imkanlarının gücləndirilməsinə töhfə verəcək.
Qeyd olunur ki, Avstraliya ərazisində daimi xarici hərbi bazaların yaradılmasına icazə verilmir. Bununla belə, ABŞ dəniz piyadaları hər il təxminən altı ay Darvin şəhərində keçirilən təlimlərdə iştirak edir.
Bundan başqa, gələn ildən ABŞ komandanlığı altında sualtı qayıqların rotasiya qüvvəsinin Qərbi Avstraliyada yerləşdirilməsi gözlənilir.
Rəsmilərin məlumatına əsasən, Bandiana obyektinin 2028-ci ilə qədər tam fəaliyyətə başlaması planlaşdırılır. Həmin bazada yüzlərlə mütəxəssisin çalışacağı bildirilir.







