Azərbaycan investisiya üçün çox cəlbedici məkandır.
EDnews xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən Özəl Sektor Forumunun — PSF 2026-nın açılışında deyib.
Nazirin sözlərinə görə, tədbir çərçivəsində ümumi dəyəri 4,7 milyard ABŞ dollarını ötən 32-dən çox saziş və Anlaşma Memorandumunun imzalanması gözlənilir.
“Bu tədbirlər illik toplantının yaddaqalan, maraqlı və məhsuldar olması məqsədilə böyük diqqət və peşəkarlıqla hazırlanıb. Azərbaycan İslam İnkişaf Bankı Qrupu ilə uzunmüddətli tərəfdaşlığını yüksək qiymətləndirir. 1992-ci ildə quruma üzv olduqdan sonra əməkdaşlığımız qarşılıqlı etimada, ortaq prioritetlərə və praktik nəticələrə əsaslanıb”, — deyə Mikayıl Cabbarov qeyd edib.
Nazir bildirib ki, Azərbaycan və İslam İnkişaf Bankı Qrupu özəl sektorun inkişafı, ticarətin maliyyələşdirilməsi, infrastruktur layihələri, kiçik və orta sahibkarlığın dəstəklənməsi, yaşıl keçid və rəqəmsal transformasiya kimi istiqamətlərə xüsusi önəm verir. Onun sözlərinə görə, bu sahələr Azərbaycanın milli iqtisadi inkişaf strategiyasının da əsas prioritetləri sırasındadır.
Mikayıl Cabbarov əlavə edib ki, iqtisadiyyatın şaxələndirilməsi ölkənin əsas strateji məqsədlərindən biri olaraq qalır.
“Biz emal sənayesi, kənd təsərrüfatı və qida emalı, logistika, bərpaolunan enerji, rəqəmsal texnologiyalar və ixrac potensialına malik digər qeyri-neft sahələrində böyük imkanlar görürük”, — deyə nazir vurğulayıb.
O qeyd edib ki, Azərbaycanın təqdim etdiyi imkanlarla İslam İnkişaf Bankı Qrupunun maliyyə alətləri və geniş tərəfdaşlıq şəbəkəsini birləşdirməklə həm kommersiya baxımından səmərəli, həm də inkişafyönümlü layihələrin həyata keçirilməsini dəstəkləmək mümkündür.
Nazirin sözlərinə görə, Azərbaycan investisiya imkanlarını konkret layihələrə çevirmək üçün geniş dəstək mexanizmləri təklif edir. Buraya vergi və gömrük güzəştləri, investisiyaların qorunması, güzəştli maliyyələşdirmə imkanları, sənaye parkları və Ələt Azad İqtisadi Zonası kimi investisiyaya hazır platformalar daxildir.
Mikayıl Cabbarov azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında da mühüm investisiya imkanlarının olduğunu diqqətə çatdırıb. O bildirib ki, Azərbaycanın ən böyük yenidənqurma proqramının həyata keçirildiyi bu ərazilər investorlar üçün yeni perspektivlər yaradır.
Nazir əlavə edib ki, Orta Dəhliz üzərində strateji mövqedə yerləşən Azərbaycan Avropa, Mərkəzi Asiya və Asiyanı birləşdirən logistika və tranzit mərkəzi kimi rolunu daha da gücləndirir.

.jpeg)





