Avropa Komissiyası Ermənistan üçün “təcili” ticarət dəstəyi tədbirləri üzərində işləyir.
EDnews xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Məlumata görə, paket Ermənistanın ərzaq və kənd təsərrüfatı məhsullarının Avropa bazarlarına çıxışını asanlaşdırmağı nəzərdə tutur. Layihə təxminən 420 milyon avro dəyərində olan 20-yə yaxın ixrac kateqoriyasını əhatə edə bilər.
Təklifin qüvvəyə minməsi üçün Avropa İttifaqına üzv ölkələrin əksəriyyətinin və Avropa Parlamentinin razılığı tələb olunur. Financial Times yazır ki, bu addım Rusiyanın Ermənistan məhsullarına tətbiq etdiyi məhdudiyyətlər fonunda Brüsselin İrəvana dəstəyini artırmaq məqsədi daşıyır.
Qeyd edək ki, daha əvvəl Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Ermənistan üçün ilkin olaraq 50 milyon avrodan çox maliyyə dəstəyi hazırlanacağını açıqlamışdı. O, Rusiyanın Ermənistan məhsullarına məhdudiyyətlərini “iqtisadi təzyiq” kimi qiymətləndirmişdi.







