Yay transfer pəncərəsi dövründə heyətinə artıq üç futbolçu cəlb edən “Qarabağ” yaxın vaxtlarda ən azı daha üç oyunçunun transferini rəsmiləşdirəcək.
EDnews xəbər verir ki, bu barədə "QOL.az" məlumat yayıb.
Məlumata görə, Zakaria Savo, Jali Muaddib və son olaraq Samuel Lobatonun transferini açıqlayan Ağdam təmsilçisi hazırda yeni hücumçu ilə anlaşmaq üzrədir. Həmin futbolçunun legioner olduğu bildirilir, lakin adı hələlik açıqlanmır.
Bundan başqa, “Qarabağ” müdafiənin sol cinahına da yeni oyunçu cəlb etməyi planlaşdırır. Əcnəbi futbolçunun Elvin Cəfərquliyevin əvəzləyicisi olacağı qeyd edilir. Cəfərquliyevin yeni mövsümdən karyerasını başqa klubda davam etdirəcəyi dəqiqləşib.
Komandanı tərk edən daha bir futbolçu Kevin Medinadır. 33 yaşlı kolumbiyalı müdafiəçinin 2020-ci ildən çıxış etdiyi “Qarabağ”dan ayrılaraq Malayziyanın “Johor” klubuna keçəcəyi bildirilir. Medina üçün sərfəli təklif daxil olub və futbolçunun klub qarşısındakı xidmətləri nəzərə alınaraq müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv edilib. Beləliklə, o, yeni klubuna azad agent kimi keçəcək.
Medinanın ayrılmasından sonra “Qarabağ” üçün yeni mərkəz müdafiəçisi transferi də aktuallaşıb. Klubun seleksiyaçıları artıq bu mövqe üzrə axtarışlara başlayıblar və yayda həmin mövqeyə də futbolçu alınacağı gözlənilir.
Qeyd edək ki, “Qarabağ” bu yay Toral Bayramov, Emmanuel Addai, Ramil Şeydayev və Sami Mmae ilə də yollarını ayırıb.







.jpg)