ABŞ Prezidenti Donald Tramp keçmiş prezident Barak Obamanın İranla bağlı siyasətini yenidən sərt tənqid edib.
EDnews xəbər verir ki, bu barədə “Daily Beast” məlumat yayıb.
Tramp G7 sammiti çərçivəsində Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşdən sonra jurnalistlərə açıqlamasında Obama administrasiyası dövründə İranla əldə edilmiş nüvə razılaşmasını hədəfə alıb.
ABŞ lideri bildirib ki, Obama administrasiyası İrana 1,7 milyard dollar nağd pul göndərib.
“Obama banklardan 1,7 milyard dollar nağd pul götürüb, onu “Boeing 757” təyyarəsinə yükləyib və İrana göndərib. Əlimdə bunun fotoları var”, — deyə Tramp iddia edib.
Tramp daha sonra İran tərəfinin Obamaya münasibəti barədə kəskin ifadələr işlədib. O bildirib ki, iranlılar həmin addımdan sonra Obamanı məsxərəyə qoyublar və onun barəsində təhqiramiz ifadələr səsləndiriblər.
ABŞ Prezidenti çıxışında yeni İran razılaşmasının hələ yekun sənəd olmadığını, memorandum xarakteri daşıdığını da vurğulayıb. O qeyd edib ki, əgər Vaşinqton razılaşmanın icrasından narazı qalarsa, Tehrana qarşı hərbi təzyiq yenidən gündəmə gələ bilər.







