Fransanın "Milli Birlik" partiyasının parlament fraksiyasının lideri Marin Le Pen partiya iclasından sonra verdiyi bəyanatda 2027-ci ildə keçiriləcək Fransa prezident seçkisində iştirak edəcəyini bildirib.
EDnews xəbər verir ki, Le Pen bu barədə TF1 telekanalının efirində danışıb.
Le Pen, həmçinin Paris Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verəcəyini bildirib. Bu şikayət məsələyə baxılan müddətdə hökmün icrasını, o cümlədən elektron qolbaq taxmaq öhdəliyini müvəqqəti olaraq dayandıracaq.
"Beləliklə, mən seçkiqabağı kampaniyamı elektron qolbaq olmadan apara biləcəyəm", - deyə Le Pen qeyd edib.
Xatırladaq ki, iyulun 7-də Paris Apellyasiya Məhkəməsi Le Penin seçkidə iştirakına qoyulan qadağa müddətini 15 aya qədər azaldıb ki, bu da faktiki olaraq sözügedən məhdudiyyətin aradan qaldırılması və onun namizədliyini irəli sürə bilməsi deməkdir.
Bundan əlavə, məhkəmə parlament köməkçilərinin işi üzrə azadlıqdan məhrumetmə cəzasının müddətini üç ilə qədər azaldıb. Cəzanın iki ili şərti hesab edilib, qalan bir il ərzində isə Le Penin elektron qolbaq taxması tələb olunub.








