Böyük Britaniyada 28 yaşlı kişi İcmalar Palatasının keçmiş deputatı Enn Uiddikombun qətlində şübhəli bilinərək saxlanılıb.
EDnews-un məlumatına görə, bu barədə Devon və Kornuoll qraflığı polisinin açıqlamasında bildirilir.
"28 yaşlı kişinin 11 iyul axşamı Cənubi Yorkşirdə Enn Uiddikombun qətlində şübhəli bilinərək həbs olunduğunu təsdiq edə bilərik. Şübhəli, ağdərili britaniyalı kişi hazırda həbsdədir. Xanım Uiddikombun ailəsinə hadisələrin inkişafı barədə məlumat verilib", - polis bildirib.
Qeyd olunur ki, həbs Cənubi Yorkşir polisi tərəfindən Terrorla Mübarizə Bölməsinin dəstəyi ilə həyata keçirilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları bildiriblər ki, hazırda hadisənin terror hücumu olduğuna inanmaq üçün heç bir səbəb yoxdur.
78 yaşlı Uiddikombun meyiti 9 iyulda İngiltərənin cənub-qərbindəki Devon qraflığının Heytor kəndindəki evində aşkar edilib. Polis hadisəni qətl kimi təsnif edib və hücumun 8 iyulda baş verdiyini bildirib.
İyulun 10-da axşamı 26 yaşlı kişi cinayət işi ilə əlaqədar həbs edilib, lakin ertəsi gün səhər heç bir ittiham irəli sürülmədən sərbəst buraxılıb.







