London meri Sadiq Xan gəncləri sosial medianın zərərli təsirlərindən qorumaq məqsədilə şəhər miqyasında yeni strategiyaya 5 milyon funt sterlinq ayıracaq.
EDnews "BBC"- yə əsasən xəbər verir ki, meriyanın sifarişi ilə aparılan araşdırmada zorakılıq və qadınlara qarşı ayrı-seçkiliyi təşviq edən alqoritmlərin gənclər arasında münaqişələri daha da kəskinləşdirə biləcəyi bildirilib.
Yeni proqram çərçivəsində gənclərə mübahisələrin zorakılığa çevrilməsinin qarşısını almaq bacarıqları öyrədiləcək, onlayn təhlükə ilə üzləşən şəxslər müəyyənləşdiriləcək, gənclərlə çalışan mütəxəssislər üçün təlimlər keçiriləcək.
Bundan əlavə, onlayn təzyiq riski altında olan qızlara mentor dəstəyi göstəriləcək, məktəblərdə və ailələrdə müsbət kişi nümunələrinin təşviqi nəzərdə tutulacaq.
Araşdırmada sosial media paylaşımları ilə real həyatda zorakılıq arasında birbaşa statistik əlaqə aşkarlanmasa da, mütəxəssislər onlayn mübahisələrin gənclər üzərində təzyiqi artırdığını qeyd ediblər.
London meriyasındakı mühafizəkarlar isə təşəbbüsü tənqid edərək Sadiq Xanı şəhərdə cinayətlərin artmasını sosial media ilə əlaqələndirməyə çalışmaqda ittiham ediblər.







