Yay aylarında temperatur yüksəldikcə insanların iştahası azalır və qidalanma vərdişləri dəyişir. Mütəxəssislər isti havalarda orqanizmi sağlam saxlamaq üçün bəzi vacib məsləhətlər veriblər.
EDnews xəbər verir ki, ilk növbədə zülaldan imtina etmək tövsiyə olunmur. Ancaq mal əti kimi ağır qidalar əvəzinə yumurta, yunan yoqurtu, lobya salatı, tuna, qızılbalıq, pendir və qoz-fındıq kimi daha yüngül zülal mənbələrinə üstünlük verilməsi məsləhət görülür.
Mütəxəssislər bildirirlər ki, isti havalarda orqanizmin maye ehtiyacını yalnız su içməklə deyil, su tərkibi yüksək olan meyvə və tərəvəzlərlə də ödəmək mümkündür. Xiyar, pomidor, kahı, qarpız, çiyələk, portağal və üzüm bu baxımdan ən faydalı məhsullar sırasındadır.
Araşdırmalara görə, isti içkilər də orqanizmin soyumasına mane olmur. Əksinə, isti çay və ya otaq temperaturunda olan içkilər tərləməni artıraraq bədənin istiliyini tənzimləməsinə kömək edə bilər. Mütəxəssislər əsas məqamın içkinin temperaturu deyil, gün ərzində kifayət qədər maye qəbul etmək olduğunu vurğulayırlar. Həmçinin həddindən artıq qəhvə və spirtli içkilərin orqanizmi susuzlaşdıra biləcəyi qeyd edilir.







