“İqtisadiyyatın qızıl qanunu” adlandırılan tələb-təklif prinsipi ABŞ–İran gərginliyi fonunda neft qiymətlərindəki dəyişiklikləri yenidən gündəmə gətirib.
Bu haqda EDnews-a açıqlamasında Natiq Cəfərli bildirib. 
O diqqətə çatdırıb ki, ABŞ ilə İran arasındakı gərginlik fevralın sonu – martın əvvəllərindən etibarən yenidən yüksəlməyə başlayıb. Bu səbəbdən neft qiymətlərində təxminən 40 faizə yaxın artım müşahidə olunub:
“Təbii ki, geosiyasi gərginlik artdıqca enerji bazarlarında qiymətlərin yüksəlməsi də gözləniləndir. Bunun əsas səbəbi Hörmüz boğazının, Körfəz ölkələrinin və İranın özü daxil olmaqla bu regionun dünya neft istehsalı və daşınmasında mühüm rol oynamasıdır. Qlobal neftə olan gündəlik tələbat təxminən 105 milyon barel təşkil edir. Münaqişədən əvvəl bu həcmin təxminən 20 milyon bareli Hörmüz boğazı vasitəsilə daşınırdı. Hazırda isə bu axında müəyyən azalmalar qeydə alınıb. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və İran kimi ölkələr əsas neft ixracatçılarıdır. Lakin mövcud gərginlik fonunda həm neft hasilatı, həm də ixracatda müəyyən məhdudiyyətlər yaranıb. Bazara çıxarılan neft həcmi azaldıqca qiymətlərin artması iqtisadiyyatın əsas prinsiplərindən biri olan tələb-təklif qanunu ilə izah olunur”.
Ekspertin sözlərinə görə, hazırda vəziyyət kritik həddə çatmayıb və neft qiymətləri 100 dollardan aşağıdır. Lakin gərginliyin daha da artması və mümkün yeni münaqişə dalğaları fonunda neftin qiymətinin yenidən 100 dolları keçərək 120–130 dollar səviyyəsinə qədər yüksələ biləcəyi ehtimal olunur.
Qeyd edək ki, SEPAH-nin ABŞ-nin Bəhreyndəki 5-ci donanma bazasını və Küveytdəki hərbi obyektlərini dronlarla hədəf alması regionda gərginliyi yenidən pik həddə çatdırıb. Hərbi eskalasiyanın artmasına baxmayaraq, tərəflər arasında diplomatik təkliflər mübadiləsi də davam edir.
Xədicə Cabbarlı | EDnews
.jpg)


.png)



