ABŞ Hərbi Dəniz Qüvvələri İranın silah dolu gəmisini ələ keçirib.
ABŞ 5-ci Donanmasından verilən açıqlamada, Oman körfəzində Yəmənin İran tərəfindən dəstəklənən husi üsyançılarına “vaxtilə qeyri-qanuni yüklərin daşınması üçün istifadə edilən marşrutdan” keçən bir balıqçı gəmisində 2116 AK-47 hücum tüfənginin daşındığı bildirilib.
Bəyanatda deyilir ki, ABŞ qüvvələri son iki ay ərzində eyni bölgədə İrandan Yəmənə silah daşıyan daha iki balıqçı gəmisini də ələ keçirib
ABŞ Hərbi Dəniz Qüvvələri Mərkəzi Komandanlığı, ABŞ 5-ci Donanması və Birləşmiş Dəniz Qüvvələrinin komandiri, vitse-admiral Bred Kuper deyib:
“Bu daşıma İranın davamlı sabitliyi pozan fəaliyyətinin bir hissəsidir. Bu təhdidlər bizim diqqətimizdədir. Biz naviqasiya azadlığına mane olan və ya regional təhlükəsizliyə xələl gətirən istənilən dəniz fəaliyyətinin aşkar edilməsində sayıq davranırıq”.
İran dəfələrlə husiləri silahlandırdığını təkzib edib. Halbuki müstəqil və BMT nəzdində fəaliyyət göstərən ekspertlər ələ keçirilən yüklərin İrana qaytarılan hissələrini müşahidə edib.
Qeyd edək ki, Yəmən 2014-cü ilin sonunda husilərin paytaxtı ələ keçirməsi ilə ciddi qarşıdurma ilə üzləşib. Mübarizə 2015-ci ilin əvvəlində Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın Yəmənin sürgündəki hökumətinin tərəfində vuruşması ilə daha da kəskinləşib.
Elnur Ənvəroğlu