Naxçıvanın erməni blokadasından necə çıxmaq olar?
“Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Ermənistanın Zəngəzur dəhlizinin açılmasından və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın digər əraziləri arasında quru nəqliyyat əlaqələrini açmaq üçün görülə biləcək işlərdən danışıb.
Ednews xəbər verir ki, politoloq öz fikirlərini “Vestnik Kavkaza”-a müsahibəsi zamanı səsləndirib. O, vurğulayıb ki, bu maneəni dəf etmək üçün beynəlxalq platformalar və əsas geosiyasi oyunçularla işi maksimuma çatdırmaq zəruridir.
"Bu problemə diqqəti, ən azı, beynəlxalq ictimaiyyətin Qarabağa olan diqqəti ilə bərabərləşdirmək lazımdır. Beynəlxalq ictimai rəy ona maraqlı tərəflərin nə dərəcədə təsir göstərməsindən asılıdır. İndi, məsələn, dünyanın müxtəlif ölkələrindəki lobbiçilər və təşkilatlar vasitəsilə Qarabağ erməniləri mövzusunu fəal şəkildə təbliğ edən erməni diasporunun hər cür səylərinin şahidi oluruq. Onlar sistemli, ardıcıl və müəyyən nəticələrlə hərəkət edirlər. Dünya belə işləyir - onu dəyişməyə israrla çalışanlar dəyişir”.
İqor Korotçenko Ermənistanın öz iradəsi ilə Naxçıvana yol çəkməyəcəyinə diqqət çəkib.
"Bu, baş nazir Nikol Paşinyan da daxil olmaqla erməni elitasına sərfəli deyil. Keçən ilin sonunda Paşinyan açıq şəkildə dedi ki, nə Zəngəzur dəhlizini açmaq fikrindədir, nə də ona nəzarəti sərhəd xidmətinə vermək niyyətində deyil. Ermənistan hakimiyyəti hesab edir ki, Zəngəzur dəhlizi onların dövlətinin milli maraqlarına uyğun gəlmir. Ona görə də özbaşına bu istiqamətdə heç nə etməyəcəklər”, - deyə politoloq bildirib.
“Təəssüf ki, Azərbaycan ərazisinin 20%-i 30 il işğal altında olanda dünya ictimaiyyəti bundan çox az narahat idi. Bu gün biz görürük ki, rəsmi İrəvan Qarabağda separatçı layihənin saxlanması ideyasından böyük miqyasda imtina edib və bu nailiyyət möhkəmlənməlidir. Burada problem erməni diasporunun lobbisinin separatçılara dəstək funksiyasını öz üzərinə götürməsidir. Biz Rusiyada, ABŞ-da, Avropada və hətta Latın Amerikasında güclü lobbiçilər görürük, onlar daim işləyirlər və buna hər gün müqavimət göstərmək lazımdır”, - deyə İqor Korotçenko çağırış edib.
“Başa düşməlisiniz ki, Azərbaycanla qarşı-qarşıya duran Ermənistan hakimiyyəti deyil, milyardlarla dollar büdcəyə, səmərəli uzunmüddətli kommunikasiya sisteminə və irimiqyaslı erməni diasporasının millətçi dairələri və biznes nümayəndələrinin miqyaslı dəstəyi olan lobbiçiləridir. Onların nöqteyi-nəzəri və səsi Azərbaycanın ədalətli tələblərini tez-tez kəsir. Çünki bu vəziyyəti dəyişmək üçün ən azı paradiqma dəyişikliyi və mənfi tendensiyaları dəyişmək lazımdır. Biz başqalarının bəyanatlarına reaksiya verməməliyik. Bizə müharibədən sonrakı problemlərin diplomatiya, siyasət və mediada işıqlandırılmasının hücum üslubuna ehtiyacımız var. Başqalarının dediklərinə reaksiya vermək, müdafiəyə qalxmaq yox, hadisələr yaratmaq, tendensiyalar qurmaq lazımdır”.
Nurlana Hacıyeva