“Qeyri-neft sektorunun inkişaf etdirilməsi hökumətin ölkə iqtisadiyyatında siyasi prioritetini təşkil edir”.
Bu sözləri Ednews-a iqtisadçı Pərviz Heydərov Azərbaycanda qeyri-neft sektoru və iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı son zamanlar görülən tədbirləri şərh edərkən bildirib.

Pərviz Heydərov son yeddi il ərzində qeyri-neft sektorunun inkişafına istiqamətlənən mühüm işlərin görüldüyünü qeyd edib.
“2015-2016 -cı illərdə dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsindən sonra hökumət qeyri-neft sektoruna diqqətini daha da artırmağa başladı. Hökumət tərəfindən bu sektora daxil olan sahələrə investisiyaların yatırılması, sahibkarların güzəştli kreditlərlə təmin olunması, xarici ölkələrdə Azərbaycana məxsus ticarət mərkəzlərinin açılması, eyni zamanda qeyri-neft istehsalı məhsullarının ixracının genişlənməsinə və məhdudiyyətlərin aradan qaldırılmasına xüsusi diqqət yetirməsi təqdirə layiqdir. Bundan əlavə, ölkədə bu sektorun inkişafına yönələn rəqabət şəraiti yaradılmalı və inhisarçılıq amillərinə qarşı mübarizə aparılmalıdır”.
İqtisadçının sözlərinə görə, qida məhsulları üzrə qeyri-neft sektoru müəssisələrinin artırılmasına ehtiyac var.
“Statistik göstəricilərə əsasən Azərbaycanın qeyri-neft məhsulları üzrə ixracatında artım var. Lakin qeyri-neft sektoruna aid bəzi məhsullar neft sənayesinə bağlı şirkətlərin müəssisələrində istehsal olunur. Əgər qeyri-neft sektorunda rəqabətin yüksəlişinə və ümumdaxili məhsulun artmasına nail olmaq istəyiriksə, qida və kənd təəsərrüfatı məhsulları və aqrar sahə ilə birbaşa əlaqəsi olan xammalın tədarükündə və ixracında müsbət nəticələrin əldə olunmasına çalışmalıyıq”.
Qeyd edək ki,Kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, emal sənayesi Azərbaycanda qeyri-neft sektorunun inkişafında əsas prioritet sahələr hesab edilir.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş Strateji Yol Xəritəsinin əsas hədəflərindən biri qeyri-neft sekrotunun inkişafını təmin etməkdən ibarətdir. Həyata keçirilən çoxşaxəli və əsaslı islahatlar nəticəsində Azərbaycanda qeyri-neft sektoru inkişaf edir, ixrac imkanlarımız genişlənir, idxaldan asılılıq azalır.
Rəsmi statistika və makroiqtisadi göstəricilərə əsasən son 8 ildə ölkədə qeyri-neft sektorunda artım 2.2 dəfədən çox olub.
Yunis Abdullayev