Ukrayna ilə Rusiya arasında gedən müharibə Avropanın enerji təminatına ciddi şəkildə təsir edib. Belə olan halda qaz təminatı ilə bağlı yükün ağır bir qismi rəsmi Bakının 2020-ci ildən istismarına başladığı TAP (Trans-Adriatik boru xəttinin) layihəsinin üzərinə düşüb. 2003-cü ildən təklif kimi verilən, 2016-cı ildən tikintisinə başlanan və nəhayət son iki ildə istismara verilən 878 km uzunluqlu bu boru xətti təxminən il ərzində 20 milyard kub metr həcmində Azərbaycan qazını Avropa ittifaqı ölkələrinə ixrac edə bilir.
Son verilən açıqlamalarda qeyd edilir ki, Ukraynadakı münaqişələrlə bağlı Azərbaycan TAP vasitəsilə bu ilin ikinci rübü üzrə Avropaya qaz nəqlini 28 teravatt/saat həcminə çatdırıb. Halbuki, bu rəqəm 2021-ci ildə təkcə 18 teravatt/saat təşkil edib. Beləliklə, il ərzində 57% ixracı artıran Azərbaycan TAP vasitəsilə Aİ-nin ümumi qaz idxalının 2.9%-ni qarşılaya bilib.
Bəs, görəsən bunun Azərbaycana xeyiri və ya zərəri nədən ibarətdir?
Ednews-a açıqlama verən iqtisadçı Natiq Cəfərli qeyd edib ki, qaz ixracının həcminin artırılması istənilən halda daxili bazardakı ümumi qiymətlərə böyük töhfə verə bilər.
“Əslində, Azərbaycanın TAP vasitəsilə qaz ixracının həcmini artırması ümumən bazardakı qiymətlərə müsbət təsir edə bilər. Çünki arada yeni qaz təchizat mənbəyi yaranır. Lakin həcm olaraq, Azərbaycanın satdığı qaz o qədər də böyük deyil ki, hansısa həllidici bir təsiri olsun. Ümumilikdə isə bu hər iki tərəf, həm Avropa, həm də Azərbaycan üçün xeyli əlverişli hesab edilə bilər”.
İqtisadçı qeyd edib ki, yaranan belə bir əlverişli şəraitdə Azərbaycan hökuməti əhalinin maraqlarına daha çox xidmət edə bilər, lakin: “Əslində Azərbaycan məntiqlə yanaşdıqda öz maraqlarını və öz əhalisinin mənafeyini ön planda tutmalıdır. Lakin götürülən öhdəliklər qaz həcmi ilə bağlı o qədər çoxdur ki, bəzən bu, daxildəki qaz təchizatı ilə bağlı müəyyən problemlər yarada bilər. Əgər xariclə bağlanan müqavilələrdə nəzərdə tutulan həcmlər çatdırılmasa Azərbaycan müəyyən cərimələr də ödəyə bilər. Bu səbəbdən də Azərbaycan hökumətinin əsas prioriteti təəssüf ki, daxili bazar yox, xarici öhdəliklərin yerinə yetirilməsi olacaq. Əgər belədirsə, əhalinin özünü qaz təminatı ilə bağlı müəyyən probləmlər, məsələn daxili istehlakın bir qədər azaldılması ilə tələb olunan həcmin yerinin doldurulması kimi məsələlər belə ortaya çıxa bilər”.
Neft üzrə ekspert İlham Şabanın fikrincə isə qazdan gələn gəlirlərin daxili bazara nə mənfi, nə də müsbət təsiri ola bilər.
“Qaz ixracının artamısının ölkə daxilində təbii qazın qiymətinə heç bir təsiri yoxdur. Çünki qaz daxili bazarda Azərbaycan müstəqillik əldə etdiyi gündən bəri hökumət tərəfindən və daxili bazarda tənzimlənən qiymətlərlə satılır. Qiymət artımı o zaman baş verir ki, onun istehsalı və paylanmasında çəkilən xərclərlə satış arasında fərq mövcud olsun.”
Ekspert həmçinin mavi yanacağın ixracından gələn rəsmi gəlirlər barədə də söz açıb.
“Qeyd edim ki, Azərbaycan ötən il Avropa bazarında 8 milyard 150 milyon kub metr qaz satıb. Cari ili bu rəqəm təqribən 11.5 milyard kub metr əsasında nəzərdə tutulub. Bu rəqəmlər hökumət səviyyəsində, yəni Energetika Nazirliyi tərəfindən açıqlanıb. Beləliklə, 2022-ci il üzrə Azərbaycan qazının Avropa bazarında satışı 40-41% arasında artım dinamikası nümayiş etdirəcək. Bu isə çox yüksək bir göstəricidir və Avropanın əldə etdiyi idxal qazı içərisində ABŞ-ın maye qazından sonra alternativ mənbə kimi 2-ci sırada yer alır”.
N.Cəfərli isə Azərbaycanın hasilatı artırmaq üçün yeni qaz mənbələri axtarışında olduğunu bildirib.
“Azərbaycanın TANAP və TAP layihələri ilə Avropaya qaz nəql etməsi həcminin artırılması istəyi, habelə Aİ ilə Azərbaycan arasında yeni qaz sazişi çərçivəsində müəyyən zaman kəsimində həcminin artırılması ilə bağlı bəzi razılaşmalar oldu. Bu həm Azərbaycan qazının hasilatınını artırılması, həm də müəyyən regional layihələr vasitəsilə əlavə qaz mənbələrinin tapılması ilə mümkündür.
Təbii ki, Azərbaycan nə qədər qaz ixrac edirsə, o qədər də qazanır. Bizim Avropadakı əsas müştərimiz İtaliyadır və bu il qaz xeyli yüksək qiymətə ixrac edilərək, xeyli gəlir əldə edilib. Xüsusilə Avropanın indiki vəziyyətində Azərbaycan nə qədər çox qaz ixrac etsə, alıcılıq qabiliyyəti bir o qədər də yüksək olacaq. Təsadüfi deyil ki, bu il Azərbaycan üçün qaz gəlirlərinin ən yüksək səviyyəyə çatdığı bir il kimi də qeyd edilə bilər. Lakin gəlir hər zaman mənfəət demək deyil. Çünki burada iştirak edən şirkət və ölkələrin də hasilatdakı payı vardır”.
Elnur Ənvəroğlu