Yanvar ayında təqaüd və əmək haqqılarında artım gözlənilir. Həmin artımın ümumi bazarda qiymətlərin də dəyişərək yüksəlməsinə səbəb olacağı iddia olunur.
Bəs, həqiqətənmi, əhalinin gəlirlərində müşahidə olunan dəyişikliklər qiymətlərin bahalaşmasına gətirib çıxaracaq?
Məsələ ilə bağlı Ednews-a danışan iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycanda artan təqaüd və maaşların qiymətlərə təsir göstərdiyini bildirib:
"Bazarda müəyyən gözləntilər yaranır ki, müəyyən kütlə olacaq, bu da qiymətləri artıran amillərdən birinə çevrilir. Amma artıma səbəb olan amillər sadəcə bunlar deyil. Bahalaşmaya əsas səbəblərdən biri Azərbaycanın idxaldan çox asılı olmasıdır. Xaricdən gətirilən məhsulların qiymətində dəyişiklik olan kimi bizdə də qiymət artımı müşahidə olunur".
Ekspert həmçinin qiymət artımını rəqabət bazarındakı zəifliklə də əlaqələndirib:
"Digər bir amil isə bazarda rəqabətli mühitin çox zəif olmasıdır. Məsələ pərakəndə satışa aid edilmir. Çünki, pərakəndə satışda rəqabət kifayət qədər var. Topdan satışla məşğul olan şirkətlər arasında isə rəqabət çox aşağıdır".
N.Cəfərli artıma təsir göstərən digər məsələlərə də toxunub:
"Artıma vergi-gömrük siyasətinin doğru olmaması, ərzaq məhsullarında 18% əlavə dəyər vergisin olması da təsir göstərir. Bunun azaldılması qiymətlərin tənzimlənməsində mühüm rol oynaya bilər. Təqaüd və maaşların artımı qiymət artımına təsir etsə də, yuxarıda sadaladığım amillər daha vacibdir".
Nəzrin Eldarqızı