G7 ölkələri bəzi istisnalarla birgə (dərman, kənd təsərrüfatı məhsulları və ərzaq məhsulları) Rusiyaya malların ixracına tam qadağa tətbiq etmək imkanını nəzərdən keçirir. Hələ ki, yekun qərar verilməsə də mümkün qadağanın müzakirəsi davam edir.
Rusiya isə öz növbəsində, G7 ölkələrini taxıl müqaviləsini ləğv etməklə hədələyib. Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Rusiyaya malların ixracına qoyulan qadağa taxıl sazişinə mənfi təsir göstərə bilər.
Tətbiq edilən sanksiyalar və taxıl sazişinin ləğv ediləcəyi təqdirdə Qərb ölkələri və Rusiya iqtisadiyyatının qarşılıqlı təsirlənə biləcəyi barədə Ednews-a açıqlama verən iqtisadçı ekspert Eyyub Kərimli bildirib ki, texnologiya və digər innovasiyalar baxımından Avropadan asılı olan Rusiya iqtisadiyyatı bundan daha çox ziyan görəcək.
.jpg)
“Qərb ölkələri tərəfindən Rusiyaya qarşı 8 sanksiya paketi tətbiq edilib. Dünyada taxıl və gübrənin qiymətində, neft-qaz sektorunda da bahalaşma oldu. Bu sanksiyalar Rusiya istisadiyyatına təsir etdiyi qədər, Avropa ölkələri də bundan zərər gördü. Hesab edirəm ki, sanksiyalar sərtləşsə, əlbəttə ki, Rusiya bunun artan təsirlərini getdikcə daha çox hiss edəcək. Rusiya tək ixrac yox, idxaldan da asılıdır. Sözsüz ki, Rusiya da öz növbəsində adekvat addımlar ataraq Avropaya etdiyi taxıl və gübrə kimi xammal ixracına da məhdudiyyətlər tətbiq edə, müəyyən qiymət siyasəti həyata keçirə bilər. Bundan da Avropa ölkələri təsirlənəcək. Lakin, Rusiya iqtisadiyyatı daha çox ziyana uğracayaq, çünki, texnologiya və digər innovasiyalar baxımından Avropadan asılıdır”.
Ekspert qeyd edib ki, Avropanın taxıl ehtiyacını qarşılacaq alternativ ölkələr də var:
“Dünya taxıl bazarında, şübhəsiz, Rusiya və Ukraynanın payı daha çoxdur. Rusiya dediyi kimi, taxıl sazişindən imtina etsə, qiymətlərdə biz bunu müşahidə edəcəyik. Avropa və digər ölkələr taxıl ehtiyaclarını qarşılamaq üçün alternativ olaraq Hindistan, Qazaxıstan və Cənubi Amerika ölkələri ilə ittifaqa üz tuta bilərlər. Almaniya və Fransa özləri də müəyyən qədər taxıl tədarükü ilə məşğuldur. Lakin düşünürəm ki, belə olarsa, taxılın qiyməti əhəmiyyətli dərəcədə təsir görəcək. Keçən ilki qiymət artımını bu il yenidən görə bilərik".
Törə Zeynal