Son günlər respublikanın bəzi bölgələrində havaların kəskin dəyişdiyi müşahidə edilir. Əsasən, dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv yağışlar yağır, şimşək çaxır, dolu düşür. Nəticədə çaylarda sululuq artıb, bəzi bölgələrdə daşqın və sel keçib.
Havaların iqlimə uyğun keçməməsi nə ilə əlaqəlidir? Anomal hava bazara necə təsir edə bilər?
“Deyirdilər ki, qlobal istiləşmədir. Görürük ki, qlobal istiləşmə yoxdur, soyuma prosesi gedir. 1973-cü ildən bəri dünyada havaların tədricən soyuması prosesi gedir. Qlobal istiləşmə haqqında deyilənlərin hamısı çirkin oyunun bir parçasıdır”.
Bu fikirləri iqlim dəyişikliyi ilə bağlı danışan ekoloq alim Telman Zeynalov Ednews-a açıqlamasında bildirib. O qeyd edib ki, havaların soyuması fonunda iqlim dəyişikliyinin ekologiyaya müsbət təsirləri var.
“Qlobal istiləşmə ilə alternativ enerjini bütün dünyaya yaymaq istəyirlər. Azərbaycan isə son dövrdə iqlim dəyişiklikləri ilə əlaqədar olaraq meşə salmaa texnologiyasını həyata keçirir, tullantıları idarə edir, çirklənməni minimuma endirir. Karbon qazı iqlimi dəyişdirir, istiləşmə gətirir. Karbon qazı ilə günəşin arasında 500 il fərq var. Əvvəlcə yer qızır, ardıyca su və çürümə prosesi gedir. Daha sonra karbon üzə çıxır. Okeanda suyu qızdırmaq üçün min illərlə vaxt lazımdır. Dünyada gedən bu çirkin oyunlar Azərbaycanda da bəzilərinə sərf edir, bununla ölkənin inkişafını ləngidirlər”.
T.Zeynalov onu da əlavə edib ki, bölgələrdə havaların qeyri-sabit keçməsi təsərrüfatlara ciddi problem yaratmır:
“Kəndlərdə camaat su qıtlığından, yayda quraqlıqdan şikayətlənir. Deyirlər ki, təsərrüfatı sulamaq üçün suyumuz yoxdur. Yağışlar nəticəsində çaylarda, göllərdə sululuq artır, əkin sahələrini sulamaq üçün də su ehtiyatı olur. Bunun təsərrüfata ciddi fəsadı yoxdur”.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli isə qeyd edib ki, yaz ayları üçün belə havalar xarakterikdir. Əvvəlki dövrdən fərqli olaraq indi intensiv yağışların yağması, sel sularının əmələ gəlməsi, dolu düşməsi halları bu mövsümdə tez-tez baş versə də lokal xarakter daşıyır. O bildirib ki, belə havalar dağlıq və dağətəyi rayonlarda bir sıra təsərrüfatlara ziyan vurur.
“Yağış, dolu, sel əkin və səpin işlərini dayandırır, uzadır, yetişməkdə olan məhsula da ciddi ziyan vurur. Bu riskləri minimuma endirmək üçün hökumət müəyyən tədbirlər görməlidir. Fors major hallar hər il eyni bölgələrdə baş verir. Ona görə də nəzərə almaq lazımdır ki, intensiv yağışlar, sel suları, dolu düşməsi ilə müşayiət olunan təbiət hadisələri baş verə bilər. Riskləri minimuma endirmək üçün fermerlərə təlimlər keçilməlidir, onlar aqro-texniki qaydalara necə riayət edilməsini bilməli, özlərini, evlərini, təsərrüfatlarını qorumaq üzrə maariflənməlidirlər”.
Bununla belə, V.Məhərrəmli gözlənilməz hava şəraitinin ölkədə məhsul istehsalına bir o qədər də təsiri olmayacağını qeyd edib. Onun sözlərinə görə, yağıntıların həm müsbət, həm mənfi təsirləri var:
“İndi yağan yağış sularını toplayaraq süni göllər yaratmaq və yayda bu ehtiyat sulardan istifadə etmək lazımdır. Biz aidiyyatı qurumları son on ildə intensiv yağışların yağacağı barədə xəbərdar etmişdik. Qlobal istiləşmə bütün dünyada gedən bir prosesdir, dayandıra bilmərik. Elə etmək lazımdır ki, bu prosesdən həm faydalanaq, həm də ziyan çəkməyək. Hökumət bunu düşünməlidir. Hesab etmirəm ki, ümumilikdə havaların anomal keçməsi bazara təsir göstərəcək. Azərbaycan onsuz da bir sıra məhsullarda idxaldan asılıdır. Daha əvvəl də apardığımız müşahidələr onu göstərdi ki, taxıl və buğda istehsalında yenə azalma olacaq. Buğdanı idxal etdiyimiz ölkələrdə də qıtlıq yaransa, o zaman bu, ölkə iqtisadiyyatı üçün ciddi problemə səbəb ola bilər”.
Törə Zeynal